Əfsanəvi rejissorun Heydər Əliyevlə bağlı XATİRƏLƏRİ – “Onun həyatımda xüsusi yeri var” – FOTO/VİDEO 

Hazırda oxunan: Əfsanəvi rejissorun Heydər Əliyevlə bağlı XATİRƏLƏRİ – “Onun həyatımda xüsusi yeri var” – FOTO/VİDEO 

135256

“Heydər Əliyevlə ilk görüşümü və tanışlığımı yaxşı xatırlayıram. 1977-ci il sentyabrın 3-ü idi. Mən, redaktorumuz və siyasi şərhçimiz Aleksandr Kaverzynevlə birgə Bakıdakı mehmanxanada yenicə qeydiyyatdan keçmişdik ki, məni telefona çağırdılar. Azərbaycan Dövlət Radio və Televiziyasının sədri Elşad Quliyev zəng etmişdi. Mənə dedi ki, indi sizi götürməyə gələcəklər.

Bir azdan bizi tədbirlərin keçiriləcəyi saraya gətirdilər. Ətrafda mühafizəçilər var idi. 

Və düz saat 12-də Heydar Əliyev başda olmaqla bir qrup şəxs saraya gəldi. Sarayın zalına, səhnəyə baxdıqdan sonra Heydər Əliyev mənə yaxınlaşdı. Beləcə, bu böyük şəxsiyyətlə ilk dəfə ünsiyyətdə oldum”.

Bizim.Media xəbər verir ki, bunu mərkəzi televiziyanın “Vremya” proqramının əfsanəvi rejissoru Kaleriya Kislova “Moskva-Baku.ru”-ya müsahibəsində deyib. 



O Heydər Əliyevin açıq və ünsiyyətcil insan olduğunu bildirib:

“Eyni zamanda o çox həssas və tələbkar idi. Hər şeyi diqqətdə saxlayırdı. Hətta bir dəfə mənə yaxşıca dərs verdi. Belə ki, Bakıda həm Heydər Əliyevin, həm də Leonid Brejnevin iştirakı gözlənilən tədbirə hazırlaşırdıq. Çəkilişə hazırlaşdığımız zaman Heydər Əliyev məni yanına çağırıb soruşdu: 

“Kameraları yerindən niyə tərpətdin? Bəyəm, bizim kameraların düzülüşü sizin standartlara uyğun gəlmir?”

Mən ona izahat verdim. Amma o yenidən çəkiliş sxemini mənə izah etdi və kameraların hansı planları çəkəcəyini göstərdi. Və altı kameranın hamısını gəzib, baxdıq. Heyrətə gəldim. Bu dahi insan rejissor işini də çox gözəl bilirmiş. Heydər Əliyevin məsləhətləri ilə çox gözəl bir veriliş alındı. Və bu çəkiliş prosesi mənə həm də bir ustad dərsi oldu”.

Əfsanəvi rejissor qeyd edib ki, sonralar da müxtəlif tədbirlərdə Heydər Əliyevlə görüşüb:

“Hətta Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə də səmimi münasibətlər qurmuşduq. Bir dəfə, 1985-ci ilin əvvəlində Nazirlər Sovetinin birinci müavini kimi Heydər Əliyevin Altay vilayətinə səfəri olacaqdı. Onu yenə bizim yaradıcı qurub müşayiət edəcəkdi. Səfərdən bir gün əvvəl Zərifə xanımla telefon danışığımız oldu. Heç inanmazdım ki, bu mənim onunla sonuncu ünsiyyətimizdir.  Bir qədər halsız idi. Mənimlə çox səmimi danışdı.

O, məndən bu səfərdə Heydər Əliyevə  yaxşı baxmağımı xahiş etdi: 



“Ona baxın, lütfən, papaqsız, əlcəksiz, şərfsiz bayıra çıxmasın. O, cənub adamıdır və istənilən soyuq külək onun üçün təhlükəlidir. Diqqət et ki, o, yağlı və şirin şeylər yeməsin. Yağlı yeməyi və hisə verilmiş kolbasanı çox sevir”. 

Dinlədim və mənə olan inamın dərəcəsinə heyran oldum. Yadımdadır, o zaman cavab verdim ki, təbii ki, bütün bunları deyəcəm, amma Heydər Əliyev məni dinləyəcəkmi? Güldü. Dedi ki,  “Səni dinləyəcək”...

Kaleriya Kislova Qorbaçovla dahi öndərin soyuq münasibətlərindən də danışıb:



“Mixail Qorbaçov Sov.İKP MK-nın Baş katibi vəzifəsinə seçiləndən sonra Heydər Əliyevə münasibət 180 dərəcə dəyişdi. Baxmayaraq ki, əvvəllər onların münasibəti çox normal idi. Ancaq, Baş katibin Heydər Əliyevə münasibəti çox tez dəyişdi. Münasibətlərin dəyişməsinin bizim yaradıcı qrupa da təsiri oldu. Qorbaçovun birbaşa göstərişi ilə general Plexanov məni Heydər Əliyevi müşayiət edən qrupdan xaric etdi. Qeyd edim ki, Yuri Plexanov SSRİ DTK-nın 9-cu şöbəsinin müdiri idi. 

Təbii ki, Qorbaçovun dəyişən münasibətlərini Heydər Əliyev də çox gözəl görürdü. Və bildi ki, o yeni Baş katiblə birgə işləyə bilməyəcək. Ona görə də bir müddət sonra Heydər Əliyev Siyasi Bürodan çıxdığını elan etdi. Bir müddət sonra Heydər Əliyev Azərbaycana qayıtdı. O, həqiqətən Azərbaycanı xilas etdi. O, öz ölkəsini, xalqını həqiqətən sevirdi. O, görkəmli siyasətçi, inanılmaz insan və əsl dost idi. Xoşbəxtəm ki, tale mənə onunla görüşdürdü, bu insanla dostluq etmək imkanı verdi. Mənim həyatımda, taleyimdə Heydər Əliyevin xüsusi yeri var”

Surxay Atakişiyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin