Ölkəmizdə 1 milyon mal-qara hara YOXA ÇIXIB? – Ekspertdən BƏDBİN PROQNOZ

Hazırda oxunan: Ölkəmizdə 1 milyon mal-qara hara YOXA ÇIXIB? – Ekspertdən BƏDBİN PROQNOZ

134917

“Son 7 ildə kənd təsərrüfatının heyvandarlıq sektorunda ciddi geriləmə müşahidə olunur. Tək bir faktı deyim ki, son 7 ildə heyvanların baş sayı 1 milyon azalıb. Bu çox qorxulu rəqəmdir”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O geriləmənin səbəblərini də aydınlıq gətirib:

“Bildiyimiz kimi 2015-ci ildən başlayaraq fermerlərin istifadəsində olan bütün otlaq sahələri alınaraq əkin dövriyyəsinə qatıldı. Bu ərazilərdə pambıq əkilməyə başlanıldı. Beləcə, fermerlərin nəzarətində olan geniş otlaq sahələri əldən çıxdı. Otlaq sahələrinin sıradan çıxarılması da heyvandarlığın inkişafına böyük zərbə oldu. Bundan sonra heyvandarlıqla məşğul olan fermerlər bu sahədən əl çəkib pambıqçılıqla məşğul olmağa başladılar. Nəticədə, ilbəil təkcə ət  yox, süd və digər heyvandarlıq məhsullarının istehsalı azaldı. 

Ətin qiyməti son 5 ildə 8-10 manatdan 15-18 manata qədər artıb. Süd məhsullarının qiymətində isə qiymət artımı daha çoxdur. Hazırda marketlərdə südün və qatığın litri 2-2.5 manata təklif olunur. Kərə yağı isə artıq 20 manatdan baha satılır. Təbii ki, yerli istehsalın azalması ixracın həcmini artırır. Təsadüfi deyil ki, ət idxalı son vaxtlar 24 faiz çoxalıb. İdxalın artması isə həm əhalinin güzəranını pisləşdirəcək, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradacaq”. 

Akif Nəsirli qeyd edib ki, “Pambıqçılığın inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2022-ci ildə pambıq istehsalı 500 min tona çatdırılması nəzərdə tutulub:

“Lakin, ötən il heç bunun yarısı qədər pambıq istehsal olunmadı. Bu da onu göstərir ki, ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri yoxdur. Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılığı inkişaf etdirmək inadından əl çəksin. Bunun əvəzində hər kəsin və dövlətin maraqlarına tam uyğun sahələrin inkişafına diqqət edilsin. Bu sahələrdən biri də təbii ki, heyvandarlıqdır. 

Yaxşı olar ki, örüş sahələri yenidən fermerlərin ixtiyarına qaytarılsın. Fermerlərin heyvandarlığa olan marağı yenidən dirçəldilsin. Bir faktı deyim. Kənd təsərrüfatı məhsullarının idxalına hər il 2 milyard dollar xərclənir. Gəlin görək pambıqçılıqdan nə qədər gəlir götürürük? Maksimum 200 milyon. Bu da idxala xərclənən pulun 1/10-i qədərdir. 

Əgər heyvandarlıq və digər ərzaq məhsullarının istehsalına diqqət artırılsa, ən azından bu 2 milyard ölkəmizdə qalar.

Üstəlik, ölkəmizin ərzaq təhlükəsizliyi tam təmin edilər. Əks təqdirdə ölkəmiz daha ağır günlərlə üzbəüz qala bilər”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin