“Şuşadan gələn səs” Ağdam Dövlət Dram Teatrının NÜMAYİŞİNDƏ - FOTO 

Hazırda oxunan: “Şuşadan gələn səs” Ağdam Dövlət Dram Teatrının NÜMAYİŞİNDƏ - FOTO 

134704

Ağdam Dövlət Dram Teatrında “Şuşadan gələn səs” adlı tamaşa nümayiş olunub. Müəllifi yazıçı Nadir Qədimli, quruluşçu rejissoru Kərim Həsənli olan səhnə əsəri ağdamlı tamaşaçılar tərəfindən böyük maraqla izlənib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tamaşada baş verən hadisələr ümumilikdə Qarabağ müharibəsini əhatə edir.  

Belə ki, hadisələr əsasən Ağdam rayonun Abdal kəndindən olan Hüseynovlar ailəsindən bəhs edilir. Qarabağ müharibəsinin ilk illərində üç oğlunu döyüşlərə yollayan ata və ana onlardan birini Vətən yolunda itirirlər.
Torpaqların işğalından sonra ağır və keçməkeşli həyat yaşayan ailənin digər övladı Yaşar Hüseynov böyüyərək hərbiçi olmağı seçir və 44 günlük müharibədə XTQ mənsubu kimi döyüşlərə qatılır.  

Ailəsinə şəhid qardaşı Füzuli Hüseynovun və digər şəhidlərin qisasını alacağına and içən döyüşçü Azərbaycan bayrağını uzun illər sonra ilk dəfə Şuşada dalğalandırır.  

Yazıçı Nadir Qədimli əsərin ərsəyə gəlməsi ilə bağlı öz təəssüratlarını Bizim.Media ilə bölüşüb:

““Şuşadan gələn səs” əsərini qələmə almaqda məqsədim münaqişənin yol açıdığı faciələri, Azərbaycan xalqının – ailələrinin başına gələn hadisələri diqqətə çatdırmaqdır. Bu həm də Azərbaycanın hərb tarixinin təbliğ olunması deməkdir. Bir sözlə tariximizdir. Elə hesab edirəm ki, əsər yaxşı səhnələşdirilib və insanların bu mövzuya olan marağı məni çox sevindirdi”.

Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli kollektivin fəaliyyətindən tam razı qaldığını, həmçinin qəhrəman ailəni uzun illərdir tanıdığı üçün obrazları tam uyğun işlədiyini bildirib.  

Ailə üzvü, Qarabağ müharibəsi veteranı Fərman Hüseynov isə yaradıcı heyətə, o cümlədən tədbirin təşkilində dəstək olan hər kəsə ailə adından öz təşəkkürünü bildirib.  

Qeyd edək ki, "Şuşadan gələn səs" tamaşasının quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur. Rollarda Nuranə Əliyeva, Elmir Hümbətov, Fərhad Fərhadzadə, Camal Zamanov, Ülviyyə Qasımova, Sadiq Bağırov, Rəmzi Gülməmmədov, İxtiyar Məmmədov və Hakim Cəfərli iştirak ediblər. 
Əlavə olaraq onu da xatırladaq ki, film 15 may tarixində Bakı şəhərində də nümayiş olunacaq.
















Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin