“Hər halda insan dünyasını dəyişibsə, bu, bizim vətəndaşımızdır. Küçədə qalmalı deyil ki? Əlbəttə ki, dəfn olunmalıdır. Çingiz Aslanovun nəşini morqda saxlayanların günahıdır ki, hökumətə vaxtında məlumat verməyiblər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev xalq artisti Siyavuş Aslanın oğlunun nəşinə sahib çıxılmaması məsələsindən danışarkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Mədəniyyət Nazirliyi 7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun dəfnini NƏZARƏTƏ GÖTÜRDÜ
Onun sözlərinə görə qostrol səfərində olduğu üçün məlumatı bir saat əvvəl eşidib:
“Siyavuşa Allah rəhmət eləsin. Biz bir yerdə işləmişik. Yaxşı münasibətlərimiz olub. Canla-başla əlimizdən gələni etməyə hazırıq. Hər halda o, Siyavuşun övladıdır və kömək etmək borcumuzdur. Əgər bizim üzərimizə düşən bir iş varsa... Amma onun dəfn olunması üçün yer ayrılmalıdır. Təşkilati işlər görülməlidir. Kimin oğlu olmasından asılı olmayaraq, Çingiz Aslanov dövlətin vətəndaşıdır. Yenə də üzərimizə düşən məsələ varsa, bu işdən kənara çəkilmərik.
Baxaq görək, Mədəniyyət Nazirliyi nə qərar verəcək. Bizim nazirimiz çox insanpərvərdir və praqmativ insandır. Belə məsələlərdə çox aktivdir və bu arada dünyasını dəyişən bir çox sənətkarların işində aktual mövqe tutdu. İnanıram ki, bu məsələdə də mövqeyi müsbət olacaq və əlindən gələni edəcək”.
Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
Çingiz Aslanovun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 7 gündür ki, onun cənazəsini təhvil alan yoxdur.
Xatırladaq ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
Alçina Amilqızı, Bizim.Media