Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzaladı - FOTO

Hazırda oxunan: Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzaladı - FOTO

13461

Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.

Uğurlu əməkdaşlıq nəticəsində indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub.

 

MÖVZU İLƏ BAĞLI:

BMT peyvəndlə bağlı qərar verdi


Çərçivə Sənədi DİM-lərə tam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün ərazisində inklüziv olmaqla sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edəcəkdir.

İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini qeyd edib.

Vurğulanıb ki, Çərçivə Sənədinin icrası ölkəmizdə DİM-lərin icrasına, aparılan islahatlara və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə, insan kapitalının inkişafına töhfə verəcəkdir.

 

Nazir işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın reallaşdırılmasında BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın önəmli olduğunu, artıq bu istiqamətdə müvafiq addımların atıldığını diqqətə çatdırıb.


BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai Çərçivə Sənədinin əsas məqsədinin iqtisadiyyatın transformasiyası, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsi olduğunu qeyd edib, Sənədin DİM-lərin icrasının sürətləndirilməsində rolunu vurğulayıb.

İmzalanmadan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin rezident əlaqələndiricisi arasında görüş keçirilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin