Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verdi.
MÖVZU İLƏ BAĞLI:
Füzulinin Pirəhmədli kəndinə 2 min 369 nəfər KÖÇÜRÜLƏCƏK
Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir.
Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.
Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
Bizim.Media