Partiyaların yaşlı sədr SİNDROMU – Gənclər niyə siyasətdən uzaq qalıblar?

Hazırda oxunan: Partiyaların yaşlı sədr SİNDROMU – Gənclər niyə siyasətdən uzaq qalıblar?

134512

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra partiyaların sayında ciddi azalma müşahidə olunur. Cəmi 6 ay əvvəl partiyaların sayı 60-a yaxın idisə, indi onların üçdə birinə yaxını artıq fəaliyyətlərini dayandırdıqlarını elan edib. 

Hələ də siyasi arenada olan partiyaların əksəriyyətinə isə artıq uzun illərdir siyasətdə olanlar rəhbərlik edir.

Kiçik bir araşdırma aparsaq, əksər siyasi partiyalara yaşlı sədrlərin rəhbərlik etdiyini görə bilərik. Pensiya yaşını keçmiş, hətta yaşı 80-i adlamış partiya sədrləri də var.

Bunun əksinə, gənc partiya liderlərinin sayı xeyli azdır. Nisbətən gənc partiya sədrləri kimi GAP sədri Ağasif Şakiroğlunu (35 yaş), Ağ Partiya başqanı Tural Abbaslını (41 yaş) örnək göstərmək olar.

Görəsən, ölkəmizdə gənc partiya sədrləri niyə yoxdur? Stajlı siyasətçilər niyə bu müstəvidə gənclərə yer vermirlər? 

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, partiya rəhbərləri arasında gənc nəslin nümayəndələrinin olmaması ilk növbədə həmin nəslin siyasətlə az maraqlanmasından qaynaqlanır: 

“İndiki gənclərimiz siyasətlə məşğul olmaq istəmir. Bazar iqtisadiyyatı şəraitində gənclərimizi daha çox pul qaznmaq maraqlandırır, nəinki siyasi bal toplamaq. Ona görə də bu anlaşılan haldır. Amma gələcəkdə gənclərimizin bu istiqamətdə aktivlik nümayiş etdirmələri də mümkündür”. 

Həmsöhbətimizə görə, yaşlı partiya sədrlərinin öz yerlərini gənclərə güzəştə getməkdən çəkinmələri də burada öz sözünü deyir:  

“Qocalmış partiya sədrləri partiyaya iş yeri kimi baxır. Nə qədər ki, belə olacaq, onlar gənclərin partiya sədri olmalarına da maneə olmaqda davam edəcəklər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin