Zaqatalada kənd məktəbi İLANLARIN İŞĞALINDA – “Direktor otağında çomaq saxlayır ki...” – FOTO 

Hazırda oxunan: Zaqatalada kənd məktəbi İLANLARIN İŞĞALINDA – “Direktor otağında çomaq saxlayır ki...” – FOTO 

134483

Havaların isinməsi ilə Zaqatalanın Lahıc kənd tam orta məktəbində ilanlar peyda olmağa başlayıb. Son bir bir neçə gündə burada dörd ilan öldürülüb. Məktəbin vəziyyətinə gəlincə, atalar demişkən “Üstü bəzək, altı isə….”   

Ötən əsrin 70-ci illərində inşa olunan məktəb

Bizim.Media-nın yerli bürosu bildirir ki, şəhid Qoca Qocayev adına Lahıc kənd tam orta məktəb 1970-ci illərdə inşa olunub. Beş il əvvəl gözdən pərdə asmaq məqsədi ilə ancaq fasadı təmir olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Zolaq çəkilib, nişan isə yoxdur – Şəkidə şagirdlərin həyatı TƏHLÜKƏ QARŞISINDA – FOTO


Şikayət əsnasında sözügedən məktəbə gəldik və bizi direktor Salatın İbrahimova qarşıladı. Şəki-Zaqatala regional təhsil idarəsindən icazə almadan məktəbə daxil olamğımızın mümkün olmadığını bildirdi. Direktor sözlərinə onu da əlavə etdi ki, “İcazə alsanız çəkiləsi yerlərimiz, göstəriləsi otaqlarımız çoxdu. Acınacaqlı vəziyyətdə tədris aparırıq” . 

Regional təhsil idarəsi hara baxır? 

Maraqlıdır ki, kənd sakinləri, valideynlər, məktəb rəhbərliyi regional təhsil idarəsinə bir neçə dəfə müraciət etməsinə baxmayaraq hələ bir nəfər bu təhsil ocağı ilə maraqlanmayıb. Biz də telefonla müraciət edib, çəkilişlə bağlı icazə istədik. Lakin dərs prosesinə “mane olacağımızı”, çəkilişin dərslər başa çatandan sonra mümkünlüyünü bildirirlər. Biz də dərsdən evə gedən şagirdlərlə həmsöhbət olduq.  Əslində “xəbərin də, hadisənin də doğrusunu uşaqdan öyrən” məsəli köməyimizə gəlir.

Məktəbli Murad Səmədov bildirib:

“Bacım deyib ki, sizin sinifin pilləkanı yanında ilan olub, Elsevər müəllim gəlib öldürüb”.
Məktəbdə şagirdlər tək ilanların qorxusunu yaşamır həm də ətrafda itlər də onlara təhlükə yaradırmış.

Bu haqda isə Emil Hubuşov danışır:  

“Məktəbdə maqazindən qayıdan zaman əlimdə bulka vardı bu zaman it üstümə gəldi və mənə cumdu. Qaçıb birtəhər canımı qurtardım”.

Dərslər başa çatır və biz məktəbə daxil oluruq. Məktəbin dəhlizləri, qapı-pəncərələri daha nələr-nələr. Gözə nə dəyirsə qəzalı vəziyyətdədir. İsmayıl müəllimin təklifi ilə illər əvvəl qəzalı vəziyyətə düşən və təkqat kərpic üzərində dayanan daha bir sinif otağına baxış keçirdik. An məsələsidir ki, panel köçsün.   

Valideyn Ceyran Yusifova qeyd edib ki, ərazi seysmik zona olduğundan uşaqların və müəllimlərin həyatı təhlükədədir: 

“Valideyn olaraq biz bəzən gündə 5-6 dəfə bura gəlməyə  məcbur oluruq. Uşaqlarımızın həyatı təhlükədədir.Yazda ot qaynayan vaxt problem olur. İlanlar çıxır, ayaqyoluna gedə bilmirlər. Son günlər ilanların çoxalması bizi daha çox narahat edir”.

Valideynlər məsələ ilə əlqədar dəfələrlə müvafiq təşkilatlara müraciət etdiklərini, lakin bu günə kimi  cavab almadıqlarını deyirlər.

Valideyn Dilbər Musayeva bildirib ki, onun nəvəsi burada təhsil alır:  

”Övladlarım bu məktəbdə oxuyub, hazırda da nəvələrim məktəbə gəlir. Amma indi məktəbin vəziyyəti çox acınacaqlıdır. Təmirsizdir, sinif otaqları baxın belə pis vəziyyətdədir. Burda ilan, əqrəb nə desəniz çıxa bilər”. 

Direktor otağında çomaq saxlayır, müəllimlər həyəcanlıdır.

Məktəbdə olarkən onu da öyrəndik ki, son dəfə ilan direktorun qəbul otağından çıxıb. Və bu neqativ hal əvvəlki günlərdə də təkrarlanıbmış.

Direktor Salatın İbrahimova müsahibədən yayınsa da müavini İsmayıl Abdullayev tək rəhbər şəxs deyil həm də valideyn, vətəndaş mövqeyini ifadə edib:

“Bu şəraitdə dərs tədris etməyimizə baxmayaraq, hər il məktəbimizi qurtaran məzunların 50-60 faizi yüksək göstərir. Bütün rayon məktəbləri kimi biz də keyfiyyətli tədris mərkəzində dərs keçmək istəyirik. Qışda lap çətin vəziyyətdə düşürük. Bütün sinif otaqları tüstü olur. Müəllimlər və şagirdlər o qədər qalın geyinir ki, sinifdə hərəkət edə bilmirlər. Hal-hazırda havalar isinir və məktəbimizdə ilanlar peyda olur. Artıq bir neçə gündə 4 dənə ilan öldürmüşük. Bu da həm bizi və bizdən çox uşaqları narahat edir. Çünki ilanlar zəhərlidir. Hər daim onlar təhlükə qarşısındadır. Aidiyyatı orqanlardan xahiş edirik ki, bizim səsimizi eşitsinlər”. 

Rəsmilərdən şablon cavab və İlan söhbətini arxa plana keçirmək cəhdi 

“Şəki-Zaqatala regional təhsil idarəsindən məktəbin vəziyyəti ilə maraqlanan olubmu?” sualını ünvanladıq. Cavabsız baxışlardan məktəbə daxil olmağa nə üçün icazə verilmədiyini anlayırıq. Axı məktəbin, sinif otaqlarının təmirinə ayrılan vəsaitlərin yoxluğu bilinəcəkdi, necə ki, bilindi...   

Məsələ ilə əlaqədar biz növbəti dəfə rahat və səliqəli otaqlarda bölgə təhsilini idarə edən rəhbərliyə məktəbdə ilanlar və qəzalı məktəblə bağlı sorğu ünvanladıq. Cavabları şablon cümlə ilə tamamlanır:

“Sözügedən kənd tam orta məktəbin cari təmir olunması nəzərdə tutulub”. 

Bəs ilanlarla bağlı kim tədbir görəcək? Bu haqda isə danışmaq istəmədilər...  

“Yəqin regional təhsil idarəsində çalışanların birinin övladı Lahıc məktəbində oxumuş olsaydı bu acınacaqlı vəziyyət yaşanmazdı”, - deyə valideynlər qeyd edirlər.

Məsələni diqqətdə saxlayacağıq.
























Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin