“Dövlət Proqramı kağız üzərində qalıb” – Azərbaycanda artan yol qəzalarının SƏBƏBİ

Hazırda oxunan: “Dövlət Proqramı kağız üzərində qalıb” – Azərbaycanda artan yol qəzalarının SƏBƏBİ

134066

“Son günlər ölkə yollarında qəzaların, buna uyğun olaraq isə ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünür ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat, təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil…”

Bizim.Media xəbər verir ki, bu fikirlərlə yol-nəqliyyat eksperti Ərşad Hüseynov çıxış edib. 

Onun sözlərinə görə yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Hansı ki, proqramda əsas istiqamətlər var: 

“Sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s. məsələlər həmin proqramda əks olunub. Hesab edirəm ki, sistem xarakterli işlər görülməlidir ki, bu işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir.

Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmalıdır. Araşdırma parametrləri çoxdur.

Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir?

Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişməyəcək”.

Ekspert əlbəttə ki, təbliğat və təşviqata da böyük ehtiyac olduğunu vurğulayıb:

“Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olmalıdır. Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur”, - deyə Ərşad Hüseynov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin