Bu gün Azərbaycan Silahlı Qüvvələrinin igid zabitlərindən biri, Vətən Müharibəsində Şuşa şəhərinə ilk daxil olub, Azərbaycan bayrağını sancan Rəşad Aslanovun doğum günüdür. Hər zaman olduğu kimi, 44 yaşını da sadə, təmtəraqsız ailəsi ilə qeyd edən Rəşad Aslanovun qonağı olduq.
Doğum günündə Bizim.Media-nın suallarını cavablandıran Şuşa fatehi onun həyatında mühüm rol oynayan hadisələrdən danışıb.
Uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoyan Rəşad Aslanov 1997-2001-ci illərdə hazırda Heydər Əliyevin adını daşıyan Bakı Ali Hərbi Məktəbdə təhsil alıb.
Dörd il Prezident təqaüdü alan Aslanov kursantlıq həyatının sonunda hərbi məktəbi qırmızı diplomla bitirib və qırmızı diplomu ona böyük şəxsiyyət Heydər Əliyevin özü təqdim edib:
"Bu, mənim həyatımda ən unudulmaz hadisədir. Məhz Heydər Əliyevin əlindən aldığım o diplom bir məşəl kimi bütün həyatımı işıqlandırdı. Mən xoşbəxtəm ki, o dahi insanı şəxsən görmüşəm. Bu, mənə böyük şərəfdir".
Vətən Müharibəsi başlayanda Rəşad Aslanov Naxçıvanda Əlahiddə -Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı hərbi hissəsində komandir işləyirdi.
Onun sözlərinə görə, Vətən Müharibəsinin gedişini Naxçıvandan böyük maraqla izləyiblər:
“Gedəcəyimiz günü səbrsizliklə gözləyirdik. Nəhayət, oktyabrın 10-da biz Xüsusi təyinatlılara da döyüş əmri verildi və müharibə bölgəsinə gəldik, döyüşlərə başladıq. Bizim bir amalımız vardı, yalnız irəli və "Dəmir yumruq" altında Şuşanı xilas etmək!”
Qəhrəmanımız Şuşanın fəthinə dair təəssüratlarını bölüşür:
"Artıq dişimizlə, dırnağımızla, min-bir əziyyət hesabına gəlib çatmışdıq Şuşanın girişinə .Həmin günlərdə çəkdiyimiz əziyyəti açıqlamaq istəməzdim. O hisslər Şuşanı alandan sonra bizim çox xoş, həm də gərgin anlar kimi xatirəmizdə qaldı. Naxçıvandan özümlə gətirdiyim Azərbaycan bayrağı üstümdə idi. Bütün yaxınlarıma, dostlara və ailəmə demişdim, ki, Şuşanı alacağıq və 3 rəngli bayrağımızı mən sancacağam Şuşaya. Arzuma çatdım. Şuşanın girişinə o bayrağı sancanda özümü çox şanslı və xoşbəxt biri sandım. Qüdrətli, qalib ölkənin Qalib Ali Baş Komandanının rəhbərliyi altında gözəl Şuşamızı bayraq müjdəsi ilə salam verməkdən qürurlu nə ola bilərdi ki?"
Söhbət əsnasında Vətən Müharibəsində Naxçıvandan gələn rəhbərlik etdiyi hərbi hissənin 79 şəhid , 242 yaralı verdiyini deyən Rəşad Aslanov söhbət zamanı şəhid hərbçi yoldaşlarını və əsgərlərini hörmətlə andı, yaralılara can sağlığı arzuladı.
Hazırda müharibədə aldığı ağır travma səbəbindən ehtiyata buraxılan polkovnik Rəşad Aslanov Vətən Müharibəsindəki şücaətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Qarabağ"ordeni" , ”Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib. Müharibədən əvvəl də bir neçə döyüş medalına layiq görülüb.
"Qarabağ" ordenli Şuşa fatehi Rəşad Aslanov Qusarda doğulub. Tolerant AzərbaycanınSilahlı Qüvvələrində ləzgi xalqının nümayəndəsi, ümumilikdə, bütöv Azərbaycanın cəsur zabiti kimi qulluq edib.
Erməni vandallarına öz layiqli yerini göstərən polkovnik Aslanovla 44-cü yaşının tamam olduğu gün həmsöhbbət olmaqdan biz də məmnun olduq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.