Azərbaycanın hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 2019-cu ilin oktyabrın 23-dən bu vəzifədə çalışır.
Ona qədər isə 6 nəfər müxtəlif illərdə ölkənin iqtisadi sektoruna rəhbərlik ediblər. Onu da qeyd edək ki, iqtisadiyyat üzrə nazirliklər müstəqillik illərində fərqli adlarla fəaliyyət göstərib. Belə ki, 1992-ci ilin aprelində təsis olunan nazirlik ilk olaraq İqtisadiyyat Nazirliyi adlandırılıb. 2001-2013-cü illərdə bu nazirliyin bazası əsasın İqtisadi İnkişaf Nazirliyi fəaliyyət göstərib. 2013-2016-ci illərdə isə müvafiq qurum İqtisadiyyat və Sənaye Nazirliyi adlandırılıb.
Bizim.Media sabiq iqtisadiyyat nazirlərinin indi harada olduğunu araşdırıb.
Əli Məsimli
Azərbaycanın ilk iqtisadiyyat naziri Əli Məsimli olub. O, 1993-cü ilin fevralın 5-dən aprelin 28-nə qədər ölkənin Baş naziri olub. 1993-cü ilin aprelin 29-dan sentyabrın 1-nə kimi isə iqtisadiyyat naziri vəzifəsini icra edib. Hazırda Milli Məclisin deputatıdır.
Səməd Sadıqov
Ondan sonra iqtisadiyyat naziri postu Səməd Sadıqova həvalə edilib. O, 1 sentyabr 1993-cü ildən 18 noyabr 1996-cı ilə qədər bu vəzifədə çalışıb. Vəfat edib.
Namiq Nəsrullayev
Namiq Nəsrullayev 1996-2001-ci illər arasında iqtisadiyyat naziri olub. 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyib. 2023-cü ilin yanvarın 17-də 77 yaşında vəfat edib.
Fərhad Əliyev
2001-2005-ci illərdə ölkənin İqtisadiyyat Nazirliyi Fərhad Əliyevə havələ edilib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin 14 oktyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilir. Sabiq iqtisadi inkişaf naziri 2016-cı ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir.
Heydər Babayev
2005-ci ildən 2008-ci ilə qədər iqtisadiyyat naziri Heydər Babayev olub. Hazırda bizneslə məşğul olduğunu bildirilir. Onun Azərbaycanda və xaricdə biznesinin olduğu deyilir. Heydər Babayev “ABU Petrol” və “AB Standard” holdinqin sahiblərindən biridir.
Şahin Mustafayev
2008-2013-cü illərdə iqtisadi inkişaf, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye, 2016-2019-cu illərdə isə iqtisadiyyat naziri vəzifəsini Şahin Mustafayev icra edib. Nazir vəzifəsindən azad edildikdən sonra o, Baş nazirin müavini təyin olunub. Şahin Mustafayev hazırda da Baş nazirin müavini vəzifəsini icra edir.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 02.05.2023
Sabiq iqtisadiyyat nazirləri indi haradadır? – ARAŞDIRMA
Hazırda oxunan: Sabiq iqtisadiyyat nazirləri indi haradadır? – ARAŞDIRMA
Hazırda oxunan: Sabiq iqtisadiyyat nazirləri indi haradadır? – ARAŞDIRMA
133739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.