Turistlər niyə regionlara deyil, Bakıya üz tuturlar? – SƏBƏBLƏR 

Hazırda oxunan: Turistlər niyə regionlara deyil, Bakıya üz tuturlar? – SƏBƏBLƏR 

133245

“Regionlarımız turizm sahəsində hələ də Bakı ilə rəqabət apara bilmirlər”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ildə 4 milyon xarici turist qəbul etməyi HƏDƏFLƏYİR


O bildirib ki, rəsmi məlumata görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb:

“Bunun isə 80 faizi Bakının payına düşür. Yəni, Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır. 

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər”. 

Millət vəkili bəzi maraqlı faktları da açıqlayıb:

“Nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. 

Eyni zamanda, regionlarda çoxulduzlu otellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə otellərin qiyməti daha aşağı olur və daha çox turistləri cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı otellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu otellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir”. 

Qeyd edək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin