Qubada görkəmli oftalmoloq-alim, 20-ci əsr Azərbaycan tibb tarixinin görkəmli simalarından olan Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş "Nurlu ömrün salnaməsi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Quba rayon İcra Hakimiyyətinin, YAP-ın rayon təşkilatının və "Quba rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Quba rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, rayonun tibb ictimaiyyətinin və ayrı-ayrı idarə, müəssisə rəhbərlərinin qatıldığı tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və Zərifə Əliyevanın və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görkəmli akademik Zərifə Əliyevanın mənalı ömür yolundan bəhs edən filmə baxış keçirilib. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tanınmış tibb xadimi və alim Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı danışıb.
Digər çıxış edənlər də minlərlə insanın gözünə nur vermiş Zərifə Əliyevanı işıqlı xatirələrlə yad ediblər.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bir qrup tibb işçisinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyələr təqdim edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu