Uşaqların 14 faizi həmyaşıdları tərəfindən zorakılığa MƏRUZ QALIR – QORXUNC STATİSTİKA 

Hazırda oxunan: Uşaqların 14 faizi həmyaşıdları tərəfindən zorakılığa MƏRUZ QALIR – QORXUNC STATİSTİKA 

133111

Bir çox insan uşaqlıq dövründə həmyaşıdları tərəfindən kiçik və ya böyük zorakılığa məruz qalır. Araşdırmalara görə, uşaqların təxminən 14 faizi həmyaşıdlarının zorakılığı ilə mübarizə aparır. Bu hal uşaqların həmyaşıdlarına şifahi, fiziki və ya emosional təzyiq göstərməsi kimi xarakterizə edilir.

Araşdırmalara görə, hər 3 uşaqdan 1-i həyatının bir dönəmində bu cür zorakılığa məruz qalır. Qurban yaşadıqlarını heç kimə söyləməzsə, zorakılığa məruz qalma davam edə bilər. Çünki həmyaşıdlarının zorakılığı sistematik olaraq aylarla, hətta illərlə davam edə bilər.

Hər yaş dövründə fərqli şəkildə özünü göstərən həmyaşıd zorakılığının ailələr üçün də iki tərəfi var: Qurban və ya zorakı uşağın valideyni olmaq.

Bəs, hər iki halda bu uşaqlara necə yanaşılmalıdır? 

Bizim.Media mövzu ilə bağlı türkiyəli mütəxəssis klinik psixoloq Elvin Akı Konukun açıqlamasını təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİ


Həmyaşıd zorakılığı çoxtərəfli bir problem olaraq görülür.

Psixoloq bildirib ki, həmyaşıd zorakılığının baş verməsində uşaqların fərdi xüsusiyyətləri ilə yanaşı, ailə münasibətləri, dostluq bacarıqları, müəllimin rolu və məktəb mühiti mühüm rol oynayır.

O, hansı uşaqların bu cür davranışlara meylli olduğunu belə izah edir:

"Uşaqlar ətrafdakı insanları müşahidə edir və onları özünə nümunə götürürlər. Evdə problemləri qəzəb və zorakılıqla həll edən ailələrin uşaqları məktəbdə də eyni davranışı problemin həlli vasitəsi kimi istifadə edə bilərlər.

Bundan əlavə, həddindən artıq qoruyucu və nəzarətçi valideynlik yanaşması göstərildikdə, uşaqlar özlərini daha rahat və müstəqil hiss etdikləri mühitlərdə müxtəlif zorakılıq davranışları tətbiq edə bilərlər. Bu səbəbdən valideynlər həddindən artıq qoruyucu və nəzarətçi yanaşmalarından mümkün olduğu qədər uzaq durmalıdırlar".
Həmyaşıdların zorakılığı uşaqların təhsilinə mənfi təsir göstərir

Zorbalığın təsirləri uşaqların inkişafında və sonrakı illərdə də görünür. Bu, təkcə qurban uşağın deyil, həm də zorakılıq edən uşaqların da inkişafına və uğurlarına mənfi təsir göstərir:

“Zorakılığa məruz qalan uşaqlar məktəbdən yayınma, qarşıdurma və akademik nailiyyətlərin azalması ilə yanaşı, erkən yaşda qeyri-adekvat sosial bacarıqların olmaması, təcrid və tək qalmaq, spirtli içki, siqaret və narkotik istifadəsi kimi mənfi hallar və nəticələrlə qarşılaşa bilər.

Zorbalığa məruz qalan uşaqlarda narahatlıq, depressiya, özünəinamın aşağı olması, psixoloji mənşəli fiziki əlamətlər, məktəb fobiyası, dəyərsizlik və təcrid olunmuşluq hissi kimi problemlər olur”.

Zorakılığa məruz qalan uşağa necə yanaşmaq lazımdır?

Həmyaşıdları tərəfindən emosional və ya fiziki təzyiqə məruz qalan uşaqlar yaşadıqları haqqında danışmaqdan çəkinə bilərlər. Bəs biz bu uşaqlara necə yanaşmalıyıq? 

Psixoloq xəbərdarlıq edir ki, uşaqları özlərini qorumaq adıyla  aqressiv davranışlara istiqamətləndirmək olmaz: 

“Ən önəmlisi uşağı dinləməkdir. Uşaqla ünsiyyət qurmaq, onun hisslərini ifadə etməsinə şərait yaratmaq və problemin həlli üçün reaktiv hərəkət etmədən uşaqla nə edəcəyini müəyyənləşdirmək lazımdır. “Səni vuranı sən də vur” kimi tövsiyələr uşağın problemini həll etmək yerinə, özünə qapanmasına səbəb olar.

Əvəzində özünə inam dəstəklənməli, belə bir vəziyyət yaranarsa, kimdən (müəllim, direktor, məktəb psixoloji məsləhətçisi və s.) dəstək alınacağı uşaqla birlikdə müəyyən edilməlidir. Bu cür davranışların qarşısını almaq üçün məktəb rəsmilərinin zorakılığı hiss edən kimi müdaxilə etmələri çox vacibdir. 
İlk növbədə, bütün uşaqlar həmyaşıd zorakılığı və onun məktəb mühitinə təsirləri barədə məlumatlandırılmalıdır. Müəllimlər və məktəb rəhbərliyi tərəfindən zorakılığa qarşı qadağalar qoyulmalıdır.

Bundan əlavə, ünsiyyət bacarıqlarına dair həmyaşıd və qrup araşdırmaları, sosial bacarıq təlimləri ilə zorakılığın qarşısını almaq olar.

Bununla yanaşı, ailələr məktəbdə baş verən zorakılıqla bağlı məlumatlandırılmalıdır. Bu cür hallara müdaxilə və qarşısının alınması prosesinə ana-atalar da cəlb olunmalıdır”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin