Fransa xarici işlər nazirinin Azərbaycana səfəri nəyə hesablanıb? – Politoloqdan AÇIQLAMA

Hazırda oxunan: Fransa xarici işlər nazirinin Azərbaycana səfəri nəyə hesablanıb? – Politoloqdan AÇIQLAMA

132874

Fransanın Xarici İşlər naziri Katrin Kolonna bu gün Azərbaycana səfərə gəlir. Bakıda bir sıra rəsmi görüşlər keçirdikdən sonra xanım Kalonna İrəvana yola düşəcək.

Fransanın baş diplomatının bölgəyə səfəri təbii ki, önəmli hadisədir. Nəzərə alaq ki, fransızlar ermənilərin hər zaman himayədarları kimi çıxış edib. Ona görə də Kolonnanın bu səfərinin ana xəttini Ermənistan-Azərbaycan münasibətləri tutacaq. Azərbaycan dövlətinin qətiyyətli addımları və Laçın rayonunda sərhəd-keçid məntəqəsinin yaradılması ermənipərəst Fransanı ciddi narahat edir. 

Ona görə də Fransa XİN rəhbərinin bölgəyə səfəri daha çox bu narahatçılıqla bağlıdır.

Fransızlar Azərbaycan rəsmiləri ilə üzbəüz bəzi məqamları müzakirə etmək istəyirlər. Amma bu müzakirələrdə fransızların məqsədi ədalətə və sülhə dayaq durmaq yox, erməniləri baş verən proseslərdən daha az itki ilə çıxarmaq istəyidir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Amid Əliyev bildirib ki, son hadisələr fonunda Fransa XİN-nin bölgəyə səfəri təbii ki, Azərbaycan tərəfindən bölgədə yeni siyasi reallığın yaradılması ilə bağlıdır:

“Belə ki, bu səfər aprelin əvvəlinə planlaşdırılsa da müəyyən səbəblərə görə gecikdi. O zaman hələ Fransa XİN-i bildirmişdi ki, səfərin əsas məqsədi Laçın yolundakı aksiya ilə bağlıdır. Bu dəfə də əsas diqqətin məhz Laçın yoluna köklənəcəyini demək olar. Laçın yolunda, dövlət sərhəddində nəzarət buraxılış məntəqəsinin quraşdırılması ermənilər kimi fransızları da çox narahat edir. Əsas məsələ Qarbağda yaşayan ermənilərin bundan sonrakı vəziyyəti və onlarla Ermənistan arasında əlaqələrin kəsulməsi narahatçılığıdır”.

Amid Əliyev əlavə edib ki, fransalı nazirin Ermənistanda xidmət aparan Aİ mülki missiyası ilə də bağlı yeni direktivləri Ermənistanın siyasi rəhbərliyinə təqdim etmə ehtimalı da var:

“Xüsusilə son zamanlar həm Ermənistan, həm də Rusiya tərəfindən KTMT missiyasının bölgəyə göndərilməsi məsələsinin aktual olması bu fikirləri deməyə əsas verir. Çox yəqin ki, Fransa XİN-nin rəhbəri Ermənistan hökümətini bu fikirdən yayındırmağa çalışacaq. Bunlarla yanaşı region dövlətlərinin Aİ ilə əlaqələri də müzakirə ediləcək. Bildiyimiz kimi Qafqazdakı 3 dövlətdən təkcə Gürcüstan vətəndaşları Aİ ölkələrinə sərbəst gedib-gələ bilirlər. Bu səpkidən baxsaq həm Azərbaycan, həm də Ermənistanla da bu istiqamətdə münasibətlərin keyfiyyətcə dərinləşdirilməsinə ehtiyac var”.

Politoloq əminliklə bildirib ki, Azərbaycanı Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması işindən çəkindirmək Fransa XİN üçün çətin olacaq:

“Bölgədə təhülkəsizlik mühitinin formalaşdırılması, icmalar arasında reinteqrasiya prosesinin sürətləndirilməsi və ərazidən qanunsuz erməni silahlılarının çıxardılmasında bu nəzarət buraxılış məntəqəsi olduqca vacib əhəmiyyətə malikdir. Buna görə də Azərbaycanın bu istiqamətdə fikirləri prinsipial olaraq dəyişməz qalacaq. Digər məsələlərə isə Fransanın Azərbaycana qarşı sərgilədiyi riyakar siyasətin mənfi nəticələri aradan qaldırıldıqdan sonra baxıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin