Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT

Hazırda oxunan: Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT

132706

Bu gün həkimlər arasında xəstəyə qida əlavəsi yazmaq və ya tövsiyə etmək bir növ dəb şəklini alıb. Belə ki, xəstəyə müalicədə istifadə olunacaq dərman preparatları ilə yanaşı, bir də müxtəlif mineralların, vitaminlərin qaynağı kimi təqdim olunan qida əlavələrini də yazırlar. Üstəlik də orqanizmin bunlara  ehtiyacı olub-olmadığını bilmədən. 

Nəticədə insanlar həddindən artıq baha satılan qida əlavələrini həvəslə alırlar. Bəs qida əlavələri, qəbul olunan əlavə vitaminlər insan sağlamlığı üçün doğrudanmı faydalıdır? Az bir araşdırma apardıq və məlum oldu ki, qida əlavələrinin insana vurduğu zərər onun verəcəyi faydadan qat-qat artıqdır.

Nədir qida əlavələri? 

Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi  baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur.
Həmin məhsulların əsas qidalandırıcı komponentlərindən olan vitaminlər orqanizmin məhdud miqdarda tələb etdiyi üzvi maddələrdir.

Yəni, məlumatdan da göründüyü kimi istehsalçılar və farmasevtik şirkətlər qida əlavələrinin orqanizm üçün faydalılığını bu şəkildə çatdırırlar. 

“Əgər özünüzü yorğun hiss edirsinizsə, tez-tez baş gicəllənməsi olursa, səbəbi qan azlığı ola bilər. Qida əlavəsi qəbul edərək hipotoniya, yorğunluq kimi halları aradan qaldıra bilərsiniz. Qida əlavəsi bildiyiniz kimi, həyatımızda mühüm rol oynayır.

Əgər özünüzdə tez-tez halsızlıq, yorğunluq, sümük ağrıları, əzələ və toxumalarda narahatçılıq hiss edirsinizsə, demək ki, yedimiz qidalardan kifayət qədər mineral ala bilmirsiniz. Bu zaman sizin köməyinizə filan qida əlavəsi çatacaq”.

Bu sətirlər ölkəmizdə fəaliyyət göstərən bir dərman şirkətinin qida əlavəsi ilə bağlı “təriflərində” yer alıb.

Göründüyü kimi, bu vasitələr əməlli-başlı reklam olunur, bizi xəstəlikdən xilas edəcəyi yazılır. Mütəxəssislər isə qida əlavələrinin xəstəliyi müalicə etmək üçün nəzərdə tutmadığını deyirlər.

Tədris Terapevtik Klinikasının direktorunun müalicə işləri üzə müavini, dosent  Adil Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qida əlavələrinin xəstəliyin müalicəsində heç bir rolu yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Balıq yağı heç bir xəstəliyi sağaltmır - HƏKİM MƏSLƏHƏTİ


“Hər hansı bir xəstəliyi onu yaradan səbəbə, onun inkişaf mexanizminə görə müalicə etmək lazmdır. Qida əlavələri xəstəliyi modifikasiya (dəyişə) edə, yaxşılaşdıra bilmir. Xəstəliyin əsas səbəbini aradan götürə bilmir. Antibiotik qəbul edirsən və bilirsən ki, hər hansı bir mikroba qarşı mübarizə aparır. Yəni, müalicə məqsədli dərmanların təsir mexanizmi bilinir. Amma qida əlavələrinin xəstəliyə hansı yolla təsir etdiyi bilinmir”. 

Qida əlavələri, eləcə də qəbul olunmuş artıq vitaminlərin fəsadları ilə bağlı türkiyəli professor Ahmet Aydının verdiyi açıqlamlar bu cür qida əlavələrindən istifadə edənlər üçün narahatlıq yarada bilər. 

Professor bildirib ki, bir çox vitaminlərin qanda ölçülməsi mümkün deyil. Belə olan halda isə artıq alınan vitaminlər orqanizmdə fəlakətə yol açır: 

“Deyək ki, C vitaminini lazım olandan çox qəbul etdik. C vitamini 500 mq aldıqda orqanizm tərəfindən sorulur, bu göstərici 1000 olduda isə 50 faizi sorulmur. Xüsusilə, C vitaminin artıq olmasının böyrək daşı yaratma ehtimalı çoxdur. 

Bundan başqa bu vitaminlər hüceyrələrə daxil olduğunda vücudumuzda  antioksidan rolunu oynayırlar. Çox qəbul olunduqda isə bu dəfə özləri toksik istehsal etməyə başlayırlar. Yaranmış bir radikal isə hüceyrə ölümünə, DNT zədələnməsinə və bir çox fəsadlara yol aça bilir.
Vücudumuzda vitaminlərin miqdarını ölçə bilmədiyimiz üçün ən yaxşısı əlavə şəklində qəbul olunmamasıdır. Ya da xəstəlik vaxtında qısa bir müddətdə qəbul etmək olar. Qida əlavələri  klinik protokollarda yer almır.

Nəticəsi isbat olunmayan bir vasitəni nə üçün qəbul etməliyik? Onun yerinə düzgün qidalanmaqla problemi həll edə bilərik. Boşqabınızı 4 yerə bölün. Bir tərəfinə protein, bir yarısına meyvə-tərəvəz, digər yanına hər hansı süd və taxıl məhsulu qoyun.  Bu cür bəslənməklə artıq insan ehtiyacı olan mineral, element və proteini alacaq”.

Həkim əlavə edib ki, bir kiçik parça qaraciyərdə  gündəlik bizə lazım olan A vitamini ehtyacımızın beş qatı, bir orta böyüklükdə portağalda isə günlük C vitamini üçün yetərli miqdar var. Yəni, bu cür qidaları seçməklə ehtiyacımız olan vitaminləri rahat şəkildə ala bilərik.
Onu da qeyd edək ki, elm normal bəslənən insanların əlavə vitaminlər qəbul etməsini məsləhət görmür.

Məlumatlara görə, vitaminlər üçün ildə dünyada ödənilən vəsait 30 milyard dollara çatır. Dünyada ən gəlir gətirən sahələrdən olduğu bu vitaminlər reklam olunur və satılır. 

Türkiyənin bitkilərlə bağlı uzun müddət araşdırma aparan tədqiqatçısı, “Ot adamı” kimi tanınan Süleyman Könülqırmaz açıqlayıb ki,  vitamin istehsalı dünyanın ən gəlirli işi olduğu üçün bir sıra elm adamları 5-6 insanın üzərində apardıqları araşdırma nəticələrinə görə, vitaminlərin lazım olduğunu bəyan edirlər: 

“Kiçik qruplarda aparılan araşdırma nəticələrini Afrika və Yaxın Şərqdə olan jurnallarda dərc edərək, etik olmayan şəkildə faydalı olduğunu açıqlayırlar”.

Sonda onu da qeyd edək ki, ən çox qida əlavələrinin istehsal edildiyi ölkələrdən olan ABŞ-da elm adamlarının orqanizmdə əksikliyi olmadığı halda, qəbul olunan vitamin və mineralların insan ömrünü azaltması ilə bağlı ciddi bir xəbərdarlığı var. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin