Laçında yeni məntəqə: Qarabağ separatçılarının taleyi necə olacaq?

Hazırda oxunan: Laçında yeni məntəqə: Qarabağ separatçılarının taleyi necə olacaq?

132610

Xəbər verdiyimiz kimi, iki gün öncə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üstündəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.

Bununla bağlı istər rəsmi İrəvan, istərsə də onların havadarları lazımsız və heç bir dəyəri olmayan bəyanatlar yayıblar. Azərbaycanın fikri isə qətidir. Ermənistanla sərhədin istənilən nöqtəsində buraxılış məntəqəsinin yaradılması rəsmi Bakının suveren hüququdur və heç bir ölkə Azərbaycanın daxili işlərinə qarışa bilməz.

Bizim.Media xatırladır ki, Laçın yolundakı məntəqə təkcə yüklərə nəzarət deyil, burada hər şey daha mürəkkəbdir.

Qeyd edək ki, Azərbaycanın Ermənistanla ikitərəfli müqavilələri yoxdur, yalnız MDB çərçivəsində çoxtərəfli sazişlərə imza atıblar. 

Bu baxımdan keçid məntəqəsinin xüsusi önəmi var. Ən əsası odur ki, bu məntəqə də digər sərhəd məntəqələrimizlə eyni qaydalarla işləməlidir. 

Ən maraqlı vəziyyət isə Qarabağda yaşayan ermənilərlə bağlıdır. Tutaq ki, Xankəndi sakini hansısa iş dalınca İrəvana getmək istəyir və sərhəddə keçid məntəqəsinə çatır. 

Sərhəddə nə edirlər? Misal üçün, Bakıdan Tiflisə gedən yolda pasportu sərhədçiyə göstərirlər. Bəs, erməni bizim sərhədçiyə hansı pasportu göstərəcək? Qarabağ separatçılarının pasportunu? Belə pasport və belə "dövlət" mövcud deyil. Onda erməninin hansı pasportu var?

Təbii ki, Ermənistan Respublikasının. Və sərhədçilərimizə bu pasportu göstərəcək. Yəni, Azərbaycan qanunvericiliyi baxımından xarici vətəndaş ölkəmizdən Ermənistana gedir. Nəticədə o, öz işini görür və geri Xankəndinə qayıdır. Yenidən yoxlama məntəqəsi. Və yenə sual: o, hansı pasportu göstərəcək? Təbii ki, Ermənistanın. Azərbaycan qanunvericiliyi baxımından əcnəbi ölkəmizə daxil olur. 
Əcnəbi ölkəmizdə neçə gün qala bilər? Ona viza lazımdırmı? Heç bir rəsmi münasibətimiz və müqaviləmiz olmayan ölkənin vətəndaşı ölkəyə qəbul oluna bilərmi?

Onun Azərbaycan ərazisinə buraxılmaması üçün (qanunsuz fəaliyyətdə şübhələr, qanunsuz silahlı birləşmələrdə iştirak və s.) əsaslar varmı? Çoxlu suallar meydana gəlir. Belə çıxır ki, Xankəndi sakinini (rəsmi olaraq əcnəbidir, çünki o, xarici dövlətin pasportu ilə daxil olmağa çalışır) Azərbaycan ərazisinə buraxmamaq üçün ciddi əsas var.

Düzdür, onun gedib gəlməyinə qadağa yoxdur, sadəcə olaraq ölkənin qanunlarına riayət etməlidir. Axı Xankəndidən (Azərbaycan) İrəvana (Ermənistan) səfər Bakıdan Tiflisə olan səfərdən heç bir şəkildə fərqlənməməlidir.

Hazırda Azərbaycanın quru sərhədləri əsasən bağlıdır, pandemiya var. Belə olan halda yeni nüans yaranır. Bu qayda işə salınarsa, o zaman Qarabağ separatçılarının Xankəndidən Ermənistana səfəri birtərəfli səfərə çevriləcək.

Çıxış yolu Azərbaycan vətəndaşlığını almaqdır. O zaman heç bir problem olmadan Qarabağa daxil olacaqlar. Həm də şəxsiyyət vəsiqələrimizdən istifadə edərək pul qazanmaq üçün Türkiyəyə gedəcəklər.

Ancaq vəziyyətin həssaslığını və spesifikliyini nəzərə alsaq, Qarabağ erməniləri üçün hazırda müəyyən istisnalar ediləcək. Yəni hələlik Ermənistan pasportu ilə buraxılacaqlar. 

Amma ermənilər yadda saxlamalıdırlar ki, bu, həyata keçirilərsə, sadəcə Azərbaycanın xoş niyyətinin təzahürü olacaq, başqa heç nə. 

Təxribatlar olarsa isə ermənilər qanuna riayət edərək sərhəddəki keçid məntəqəmizdən keçəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin