““Qurani-Kərim”in tərcümədən oxunması savab qazandırmır” açıqlamasına İLAHİYYATÇIDAN İZAH 

Hazırda oxunan: ““Qurani-Kərim”in tərcümədən oxunması savab qazandırmır” açıqlamasına İLAHİYYATÇIDAN İZAH 

132067

“Qurani-Kərim Uca Allahın Həzrət Cəbrayıl vasitəsi ilə Məhəmməd peyğəmbərə vəhy etdiyi səmavi bir kitabıdır. Onun mənasını başa düşmək, onun əmr və qadağalarına riayət etmək, gətirdiyi hökmlərə inanmaq və onlar əsasında hərəkət etmək hər bir müsəlmanın dini borcudur. Qurani-Kərim elə bir səmavi kitabdır ki, onu oxumaq, dinləmək, əzbərləmək, hətta xəttinə baxmaq savabdır”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı, İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Quran”ı tərcümədən oxumaq savab qazandırmır? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA


İlahiyyatçı, bir neçə gün öncə səsləndirdiyi və müzakirəyə səbəb olan- “Quran”ı tərcümədən oxumaq savab qazandırmır, fikirlərinə aydınlıq gətirib.   

O bildirib ki, Qurani-Kərim haqqında doğru-düzgün məlumat əldə etmək, onun gətirdiklərinə əməl etmək üçün mənasını bilmək tələb olunur:

“Deməli, “Qurani-Kərim”in tərcüməsini bilməyimiz zəruridir. Lakin nəzərə alaq  ki, tərcümə nə qədər güclü olsa da, “Qurani-Kərim”in özü deyil. Mərhum akademik Vasim Məmmədəliyev bu mövzuda yazırdı: “Quran”ın bu və ya digər dilə tərcüməsi dedikdə onu mütləq mənada deyil, şərti mənada başa düşmək lazımdır. Burada əsas məqsəd ərəb dilini bilməyənləri Quran ayələrinin ümumi məzmunu ilə tanış etməkdir. O Peyğəmbərə ərəbcə nazil olduğu üçün ərəbcə oxunmalı, moizə vaxtı onun ayələri ərəbcə deyilməli,  sonra onun ümumi məzmunu ərəbcə bilməyənlərə izah edilməlidir. Allah kəlamının başqa dillərə tərcüməsinə heç vaxt Quran deyilməz. Onlara yalnız və yalnız “Quran”ın tərcüməsi və ya anlamı adı verilər”. 

İbrahim Quliyev əlavə edib ki, İslam hüququ nöqteyi-nəzərindən “Qurani-Kərim”in tərcüməsi “Quran”ın özü hökmündə deyil. O bildirib ki, müsəlman fəqihlərinə görə, “Quran”ın yazısına dəstəmazsız toxunmaq qadağandır:

“Amma “Quran”ı başqa dilə tərcümə etsələr, onun xəttinə dəstəmazsız toxunmağın heç bir problemi yoxdur. Müsəlman alimlərinə görə, insan namaz qılmaq üçün “Qurani-Kərim”in lazım olan surələrini ərəbcə öyrənməli, hətta həmin surələrin qiraət incəliklərinə, hərflərin tələffüzlərinə yaxşı yiyələnməlidir ki, onu səhv oxumasın. Müsəlman dünyasının tanınmış fəqihlərinə görə, namaz yalnız ərəbcə qılınmalıdır. Namazda oxunan surələr “Qurani-Kərim”in orijinalından oxunmalıdır. Əgər kimsə həmin surələrin tərcüməsini oxusa, onun namazı keçərsizdir”. 

İbrahim Quliyev bildirib ki, Qurani-Kərim öz incə mənalarını insanlara çatdırmaq üçün onun ərəb dilində nazil olduğunu belə bəyan edir: 

“Düşünəsiniz deyə “Quran”ı ərəbcə endirdik” (Yusuf, 2). 

Bu və ya bu məzmunda olan digər ayələrdən anlayırıq ki, Qurani-Kərim Uca Allahın kəlamıdır və onun sözlərini ərəb dilində Həzrət Peyğəmbərə nazil edən Odur. Həmin ərəb sözlərini tərcümə edə bilərik. Lakin “Quran”ın tam tərcüməsini etməyə nə qədər çalışsaq da, yenə də Allah kəlamının bütün aspektlərini tərcümə edə bilmirik”. 

Nə üçün Quranın tərcüməsini oxumaq kifayət deyil? 

İlahiyyatçının sözlərinə görə, bu suala cavab vermək üçün bir sıra mühüm səbəblərə baxmaq lazımdır:

“Heç kəs “Quran”ı hər cəhətdən mükəmməl və heç bir qüsuru olmayan şəkildə tərcümə edə biləcəyini iddia etməyib.  Çünki hər bir tərcüməçi yaxşı bilir ki, “Quran”ın hər bir kəlməsi bir neçə mənaya malikdir. Belə olduğu halda bütün bu mənalar tərcümədə necə nəzərə alına bilər?  

Bundan başqa, Uca Allah “Qurani-Kərim”i “nur” kimi təqdim edərək buyurur: 

“Biz sənə açıq-aydın bir nur nazil etdik” (Nisa, 174). Biz yaxşı bilirik ki, Quran və hədis terminologiyasında nur sözünün özünəməxsus xüsusiyyətləri, məna çalarları var. Belə olduqda isə şübhəsiz ki, “Quran”ın tərcüməsi,  nə olursa olsun, onun özünü ifadə edə bilməz. 

Eyni zamanda, “Qurani-Kərim”in kəlmə və ayələri elədir ki, istəsə də, istəməsə də dinləyiciyə təsir edir. Amma tərcümədə bu təsir yoxdur. Ümumiyyətlə, “Quran”ın ərəbcə oxunmasını vacib edən bir çox səbəblər var ki, bu barədə mənbələrdən məlumat əldə etmək olar”.  

İlahiyyatçı bildirib ki, “Quran”ın xəttinə baxmaq da savab sayılıb: “Allahın Rəsulu buyurub:

“Quran”ı ərəb ahəngləri və səsləri ilə oxuyun, həddi aşanların və günahkarların ahəngindən uzaq olun”. Bir çox hədislər “Qurani-Kərim”in sətirlərinə baxarkən savab əldə etdiyimizi bildirir. Hədislərin birində İmam Rza buyurub: “Qurana baxmaq ibadətdir”. 

İbrahim Quliyev vurğulayıb ki, hər bir mətnin məna və məzmunu yazıldığı dildə daha dərindən dərk edilir:

“Quran”ın bəzi tərcümələri qeyri-kafi, hətta bəzən xətalara düçar ola bilər. Bundan başqa, hər bir kəlmənin özünün məna çalarları var və o mənaları başqa dilə çevirmək mümkün deyil. Buna çoxlu sayda nümunə verə bilərik. Məsələn, “həmd” sözü ilə  “şükür” və  “səna” sözləri kimi. Bu sözlərin hamısı sinonim söz kimi digər dillərə eyni mənada tərcümə edilsə də, “həmd” sözü yalnız Uca Allah haqqında istifadə edilə bilər. Yaxud da “imrəətün” sözü ilə “zövcətün” sözlərinin fərqli və oxşar cəhətləri çoxdur. Məsələn, “imrəətün” sözü kişinin xanımı olsa da onunla müvafiq olmayan, öz ərinə qarşı çıxan xanımlar  haqqında, “zövcətün” sözü isə əri ilə müvafiq olan, onunla bir etiqada qulluq edən xanım haqqında istifadə edilir”. 

İ.Quliyevin sözlərinə görə ki, ərəb dili “Qurani-Kərim”ə görə “Quran”ın məna yükünü daşıya bilən yeganə dildir.  

“Bütün bu qeyd etdiklərimizdən bir daha həm də belə başa düşmək olar ki, “Qurani-Kərim”in ərəbcə oxunmasının zəruriliyi bütün müsəlmanlar arasında ümumi dil yaratmaq və bununla da beynəlxalq dini vəhdət yaratmaq və müsəlmanlar arasında əlaqəni təmin etmək məqsədi daşıyır. 

Amma əfsuslar olsun ki, şeytanın möminləri “Qurani-Kərim”dən uzaqlaşdırmaq üçün istifadə etdiyi üsullardan biri də onların qəlbinə ərəbcə Quran oxumağın faydasız olduğu və ayələrin mənasını başa düşmədiyimiz vəsvəsəsidir”, deyə o, qeyd edib. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin