Xəbər verdiyimiz kimi, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin işçisi intihara cəhd edib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB)sorğumuzu cavablandırıb.
“Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin sürücüsü Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib. Sözügedən şəxsin şikayətləri nəzərə alınaraq onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb, eyni zamanda araşdırılıb. Qeyd edilən 4 saylı bölməyə baxış keçirilib, yerində araşdırma aparılıb. Heç bir əsaslı nöqsan aşkar edilməyib”, deyə mənbə bildirib.
Qeyd olunur ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi tərəfindən şikayətdə adları çəkilən şəxslərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib, qeyd olunan iddiaların araşdırılması təmin edilib.
Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırılması həyata keçirilir.
Xatırladaq ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin işçisi tibb müəssisəsində baş verən neqativlərlə bağlı baş həkimə müraciət edib. Baş həkim Yusif Musayev isə onu işdən çıxaracağı ilə hədələyib. Üstəlik kollektivi şikayət edən şəxsə qarşı yönəldib.
Alçina Amilqızı, Bizim.Media