Zəhərə çevrilən MEYVƏLƏR – Şagirdləri xəstəxanalıq edən alçanın məktəbdə nə işi var?

Hazırda oxunan: Zəhərə çevrilən MEYVƏLƏR – Şagirdləri xəstəxanalıq edən alçanın məktəbdə nə işi var?

131859

İki gün əvvəl paytaxtdakı 149 nömrəli məktəbdə 15 şagird zəhərləndi. Hadisənin konkret hansı qidadan qaynaqlandığı hələ məlum olmasa da, uşaqlar müayinə üçün aparıldıqları Kliniki Tibbi Mərkəzdə hadisədən əvvəl alça yediklərini də deyiblər.

Bu barədə Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Bizim.Media-ya açıqlama vermişdi. Ötən gün isə Mingəçevir şəhərində 10 yaşlı qız uşağının alçadan zəhərlənərək öldüyü ilə bağlı xəbər yayıldı. 
 

MÖVZU İLƏ BAĞLI:

149 nömrəli məktəbin şagirdləri alçadan zəhərlənib? – RƏSMİ AÇIQLAMA


Bəs, sevərək yediyimiz alça nə üçün bizi zəhərləyir? Ümumiyyətlə, indi hələ mövsümü olmayan və kifayət qədər baha olan alçanı yemək nə qədər doğrudur? 

Daha bir sual-uşaqlar həqiqətənmi alçadan zəhərlənib, yoxsa baş verənlərin məsuliyyətini uşaqların öz üzərinə atmaq üçün bu versiya hallanır?

Mövzu ilə bağlı sualımızı qida mütəxəssisi, tanınmış ekspert Ağa Salamov cavablandırıb. 

Alçanın məktəbdə nə işi var?

Ağa Salamov ilk növbədə onu bildirdi ki, pestisidlərdən (zərərvericilərə və s. qarşı istifadə olun kimyəvi maddə) istifadə olunmaqla yetişdirilmiş, mövsümü olmayan alçanın və digər meyvələrin məktəbə gətirilməsi doğru deyil:

“Alçanın mövsümünə hələ var. İndi yetişən məhsulların çoxu pestisidlərlə yetişdirilib. Ona görə də alçanı, çiyələyi heç olmasa, çay sodasında 10 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək lazımdır. Əgər uşaqlar məktəbdə alça alırsa və ya hardansa gətirirsə, o da eynilə yuyulub yeyilməlidir.
Mövsümü olmayan meyvəni uşaqların yeməsinə imkan yaradılmamalıdır. Bu meyvələrin üzərində olan maddələrdən kimyəvi zəhərlənmə baş verə bilər. Ürəkbulanma, qusma və ishal kimi əlamətlər özünü göstərə bilər”. 

Ağa Salamov bildirib ki, məktəbdə baş verən zəhərlənmənin nədən olduğu hələ qaranlıqdır: 

“Hadisə  toyuqdan, ətdən də ola bilər. Mikrobioloji çirklənmədən qida zəhərlənməsi baş verir ki, bu da ət məhsullarının saxlanmasının, təqdimatının düzgün olmamasından olur. Emal prosesində kobud səhvlər, soyuducunun temperaturunun düzgün tənzimlənməməsi və s. problemlər ola bilər. 

Ümumiyyətlə, məktəb direktoru, məktəbin məsuliyyətli şəxsləri riskli qidaların məktəbə gətirilməsinə nəzarət etməlidir. Şagirdlər əlində hər cür qidanı gətirib özü ilə bərabər başqa uşaqlar üçün də risk yarada bilər. Kənardan gətirilən bu cür qidaların içəri buraxılması məktəbin birbaşa məsuliyyətsizliyi, nəzarətsizliyidir. 
Uşaqların nədən zəhərləndiyi hələ ki, sual altındadır. Sualın cavabını Qida Təhlükəsizliyi Agentliyi (AQTA) verməlidir. Klinik Tibbi Mərkəz  və AQTA ortaya bir dəlil qoymalıdır. Çünki zəhərlənmə uşaqlar arasında olub. Və bu da zarafat deyil.

Əlaqədar qurumlar öz məsuliyyətsizliyini uşaqların üstünə atmamalıdır. Çünki qısa vaxtda ikinci qida zəhərlənməsi baş verir. Artıq bu, SOS siqnalıdır. Uşaq bağçalarında, orta məktəblərdə və universitetlərdə bu sahəyə nəzarəti gücləndirmək vacibdir”.


Aygün İbrahimli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin