Ötən gün şəhid Elçin Şəmiyevin adını daşıyan 149 nömrəli tam orta məktəbdə zəhərlənmə hadisəsi baş verib. Özünü narahat hiss edən 15 şagirdin hamısı təcili-tibbi yardım xidməti vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Digər tərəfdən son günlər məktəblərdə tez-tez baş verən zəhərlənmə halları da cəmiyyətdə birmənalı qarşılanmır.
Məktəb bufetlərində olan vəziyyət gündəmə gəlsə də, bu dəfə şagirdlərin havada olan hansısa iydən təsirləndiyi iddia olunub.
Məsələ ilə bağlı Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, şagirdlər hadisədən əvvəl açıq havada deyil, məktəbin idman zalında olduqlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
149 nömrəli məktəbdə zəhərlənən şagirdlərin SON VƏZİYYƏTİ
Onların nədən zəhərlənməsinə gəlincə isə, həkim bildirib:
“Şagirdlərin diaqnozu dəqiqləşdirilməmiş qida zəhərlənməsi olub. Onlardan kimisi alça yediyini, kimisi su kranından su içdiyini bildirdi. Ona görə də dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu qoyuldu. Şagirdlərə ambulator şəkildə köməklik göstərildi, müayinədən sonra hamısı evə yazıldı. Heç biri burada qalmayıb”.
Qeyd edək ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparıldığını və nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Aygün İbrahimli, Bizim.Media