Başlıbel faciəsindən 30 il ÖTÜR 

Hazırda oxunan: Başlıbel faciəsindən 30 il ÖTÜR 

131325

Aprelin 18-də Başlıbel faciəsinin ildönümüdür. Kəlbəcərin işğzalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 30 il ötür. 

Bizim.Media xatırladır ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. 

Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər.

Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib.

Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb. 

Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. 
Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin