Hindistanda adam oğurluğu, qətl və hücumda günahlandırılan sabiq deputat Atik Əhməd və qardaşı Əşrəf canlı yayımda güllələnib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin NTV telekanalı yayıb.
Mənbə yazır ki, hadisə Atik Əhməd və qardaşı Əşrəf Uttar-Pradeş ştatının Prayaqrac şəhərində polis müşayiəti ilə tibbi müayinəyə gətirilən zaman baş verib.
Polis bildirib ki, motosikletlə gələn 3 nəfər özünü jurnalist kimi təqdim edib və Atif Əhmədlə qardaşına yaxınlaşaraq yaxın məsafədən başlarına atəş açıblar. Həmin şəxslər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Atik Əhməd Uttar-Pradeş ştatının Pxulpur dairəsindən deputat olub. Ona qarşı qətl, insan oğurluğu və dələduzluq da daxil olmaqla, 90 cinayət işi açılıb.
O, həmçinin 2018-ci ildə Allaxabad Universitetinin professoruna hücumda da ittiham olunub. 60 yaşlı Atik Əhməd 2019-cu ildə vəkil Umeş Palanın oğurlanmasında günahkar sayıldıqdan sonra saxlanılıb.
Bizim.Media