27 mart 2023-cü il tarixində “Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ” başlıqlı yazı dərc etmişdik. Yazıda Qusar şəhərindəki Şəhidlər Xiyabanındakı utancverici mənzərə şərh edilmişdi.
“Grammar Azi” səhifəsinə paylaşımına əsasən, qeyd edilmişdi ki, məşhur beytdəki “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” sözlərindən istifadə edilərkən ciddi səhvə yol verilib.
Belə ki, sözügedən yazıda “əgər”sözü unudulub. Bundan başqa “Torpaq” sözündən sonra vergül əvəzinə defis işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb.
Yazı dərc edildikdən sonra Qusar rayon İcra Hakimiyyəti məsələni diqqətə alıb. Yazıdakı səhvlərə düzəlişlər edilib. Lakin, müəyyən qüsurlar yenə də qalıb.
MÖVZU İLƏ BAĞLI:
Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ
Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyəti ilə yenidən əlaqə saxladıq. İcra hakimiyyəti başçısının müavini Elman Mustafayev Bizim.Media-ya bildirib ki, vəziyyətdən xəbərdardır:
“Bəli, ötən dəfəki iradınızdan sonra dizaynerə tapşırıq verildi. O da yanlışlığı qismən aradan qaldırıb. Hazırda bərpa işləri görülür. Ən qısa zamanda yanlışlıq tamamilə aradan qaldırılacaq”.
Surxay Atakişiyev, Bizim.Media