Paytaxtda su nə vaxtadək qrafiklə veriləcək? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Paytaxtda su nə vaxtadək qrafiklə veriləcək? – RƏSMİ AÇIQLAMA 

130378

“Azərsu” ASC tərəfindən 2023-cü ilin fevral ayından Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Bu dəyişiklik yay aylarında da qüvvədə qalacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin, "Taxtakörpü" su anbarında 70 milyon kubmetrə yaxın ehtiyat qalması suyun verilişində qənaət rejimini tətbiq etməyə vadar edib:

“Sudan səmərəli və qənaətlə istifadə edilməsinə çalışmaq, bu sahədə təhlillərin aparılması da gündəlik qayğılarımızdandır. Biz bu qrafiki əsasən yay aylarında tətbiq edirdik. Amma vəziyyətlə bağlı qərar verildi ki, dəyişiklik fevral ayından olsun”. 

Anar Cəbrayıllı həmçinin, abonentləri sudan qeyri-qanuni, uçotsuz istifadədən də çəkinməyə çağırıb:

"İnsanlar var ki, gecə gündüz qazonları sulayırlar. Hazırda təxmini 1 milyon 750 min abonentin 250 mininin sayğacı yoxdur. Sayğac olmayan ərazilərdə də böyük israfçılıq qeydə alınır. Bizim gördüyümüz bütün tədbirlər yay aylarında su qıtlığının yaşanmaması məqsədi daşıyır".

Suya qənaət istiqamətində atılan istənilən addım təqdir edilməlidir. Çünki, su tükənən sərvətdir.

Bundan başqa Azərbaycanın su ehtiyatlarının 70 faizi qonşu ölkələrdən daxil olan çayların hesabına formalaşır. 

Qonşu ölkələrin su ehtiyaclarının artması isə ölkəmizə öz mənfi təsirini göstərir. Abşeron yarımadasının suya olan tələbatını əsasən Ceyranbatan su anbarı ödəyir. Yağıntıların az düşməsi mənbələrdə suyun azalmasına səbəb olub. Ona görə də Ceyranbatan su anbarında da su ehtiyatı əvvəlki illərlə eyni deyil.

Lakin qənaət rejiminə keçilməsi çoxmərtəbəli evlərdə yaşayanların narahatlığına səbəb olub. Çünki, bir zamanlar çoxmərtəbəli binalarda yaşayanların çoxu binaların damında və pilləkən üstündə su çənləri quraşdırırdılar. 

Lakin son zamanlar su qıtlığının nisbətən aradan qalxması həmin çənlərin yığışdırılmasına səbəb olmuşdu. Halbuki, həmin ağırtonnajlı çənlər həm binalara əlavə yük olurdu, həm də şəhərin ümumi mənzərəsini korlayırdı. 
Suyun verilməsində qrafikin tətbiq edilməsi xəbəri isə yenidən “çən əməliyyatı”nı gündəmə gətirib. Şəhər əhalisi yenidən köhnə “ənəni” bərpa etmək həvəsinə düşüb. Ona görə də təkcə “Azərsu” ASC-nin deyil, digər təşkilatların da bununla bağlı əhali arasında profilaktik iş aparması zərurətə çevrilib

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin