Azərbaycan anti-terror əməliyyatına BAŞLAYIR? – “Reallıqları asta-asta qəbul etdirəcəyik”

Hazırda oxunan: Azərbaycan anti-terror əməliyyatına BAŞLAYIR? – “Reallıqları asta-asta qəbul etdirəcəyik”

130373

Ermənistan silahlı qüvvələri növbəti dəfə sərhədlərimizdə, eləcə də regionda sülh və təhlükəsizliyə zərbə vuran təxribat törətdi. Görünən odur ki, qarşı tərəf gizli plan və təxribatlarından əl çəkmək niyyətində deyil.

Təəssüf ki, bəzi ölkələrin diktə və təlimatı ilə oyuna salınan Ermənistan Cənubi Qafqazla maraqları toqquşan dövlətlərin əsl mövqeyindən xəbərsiz olaraq hərəkət edir. Bu isə regionda durumu daha da kritikləşdirir.  
Qeyd edək ki, son həftələrdə Ermənistanda gizli səfərbərlik həyata keçirilərək düşmən ölkənin yenidən müharibəyə hazırlaşdığı kimi məlumatlar da dolaşırdı. Sosial şəbəkələrdə bu vəziyyətdən istifadə edənlər məqsədli şəkildə yenidən səfərbərliyin elan ediləcəyi ilə bağlı xəbərlər paylaşır.

Maraqlıdır, bütün bu hadisələr Azərbaycanın anti-terror əməliyyatı həyata keçirəcəyini deməyə əsas verirmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə təxribatları tətikləyən Fransa, Ermənistan, Rusiya və İran Qarabağ münaqişəsinin sönməsini istəmir:

“Azərbaycan üçtərəfli razılaşmalar əsasında 44 günlük Vətən savaşında qələbə qazandıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı sonuncu mərhələyə artıq qədəm qoyub. Yəni sərhədlərin delimitasiya və demarkasiyasından sonra həm Ermənistan, həm də Azərbaycan üçün sərhəd problemi, torpaq eləcə də ərazi iddiaları başa çatmış sayılır. 

Belə bir mərhələdə Avropa missiyasının Qarabağa göndərilməsi, xüsusilə Fransa hökumətinin təklifi və təqdiri ilə, eyni zamanda İranın və Rusiyanın bu məsələdə sərgilədiyi mövqe deməyə əsas verir ki, adını çəkdiyim-çəkmədiyim dövlətlər Qarabağ adlı münaqişə ocağının sönməsini istəmirlər. Halbuki Azərbaycan nə beynəlxalq hüququn normalarına zidd hərəkət edir, nə öz konstitusiyasından, nə də ərazi bütövlüyündən kənarda addım atır. 

Tamamilə bütün konturların aydın olduğu bir vaxtda belə bir təxribatın törədilməsi fikrimcə, bəzi xarici ölkələrin, xüsusilə İran, Rusiya və Fransanın Cənubi Qafqazdakı mövqeləri uğrunda savaşın nəticəsidir. Onlar bu münaqişə ocağının sönməsini ona görə istəmirlər ki, burada onların özlərinin maraqlarına cavab verən vəziyyət yaranmayıb.
Xüsusilə erməni lobbisinin dəstəyi, təzyiqi və təhdidi ilə hərəkət edən Fransa hökuməti Azərbaycanla münasibətdə qeyri-konstruktiv mövqe sərgiləməklə özünün bilavasitə Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoyub. Biz bunu 44 günlük savaşdan əvvəl də görmüşük. Bu gün də onu görməkdə davam edirik”. 

Ekspert hesab edir ki, İranın bu məsələyə münasibətdə ikili oyunlar oynaması və Rusiyanın münasibəti də şübhə doğuran məqamlardandır:

“Bu dövlətlər üçün Azərbaycanın və Ermənistanın dövlət, yaxud Azərbaycan və Ermənistan xalqının marağı əhəmiyyətli deyil. Onları maraqlandıran öz maraqlarıdır. Ermənistan kimi “marionetka” bir dövlət də onların hökmü və diktəsi ilə istənilən oyunlara girə bilir. Onların isə Ermənistandan bir vasitə kimi istifadə etmələri təəssüf doğurur. Bu gün də o missiya davam edir. Amma arada itirən sadə Azərbaycan və Ermənistan xalqıdır”. 

Azərbaycanın öz mövqeyindən bir addım belə geri çəkilməyəcəyini vurğulayan İbrahim Rüstəmli əks təqdirdə bunun fəsadlarının çox ağır ola biləcəyini qeyd edib:

“İnanıram ki, Azərbaycan özünün prinsipial mövqeyini sonadək qoruyacaq və bir dövlət olaraq xarakterini ortaya qoyacaq. Onsuz da Azərbaycan anti-terror əməliyyatlarını həyata keçirir. Bu işdə zərgər dəqiqliyi lazımdır. Biz tələsəriksə, çox şeyi itirərik. Tam zamanında hər şey öz yerini tapmalıdır. Ona görə də Azərbaycan bu gerçəyi və bu günkü geopolitik reallıqları Ermənistana asta-asta qəbul etdirəcək”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin