Abşeronun sahibsiz itlər PROBLEMİ – “Sığınacaq yoxdur, öldürmək də mümkün deyil” – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Abşeronun sahibsiz itlər PROBLEMİ – “Sığınacaq yoxdur, öldürmək də mümkün deyil” – RƏSMİ AÇIQLAMA

130368

“Abşeron rayonu ərazisində yaşayan sahibsiz itlərlə bağlı hazırda heç bir tədbir görmək mümkün deyil. Çünki həmin heyvanların təhvil veriləcəyi hər hansı bir məkan yoxdur. Bu problem ancaq heyvanlar üçün sığınacaq tikildikdən sonra həllini tapacaq”.

Bu barədə Bizim.Media-ya Abşeron rayon İcra Hakimiyyətindən bildirilib. 

Açıqlamada o da bildirilib ki, sahibsiz heyvanlar üçün sığınacaq tikmək üçün sənədləşdirmə, layihələndirmə işləri aparılır. Sığınacağın nə zaman və harada tikiləcəyi isə hələ məlum deyil. 
İcra hakimiyyətindən verilən açıqlamada onu da bildiriblər ki, Abşeron rayonu ərazisində olan itləri hazırda fəaliyyətdə olan heyvan sığınacaqları qəbul etmir. Belə ki, həmin mərkəzlərin sadəcə Bakı şəhərini əhatə etdiyi bildirilir.

Qısası, hazırda Abşeron rayonunun kəndlərində, Xırdalan şəhərinin mərkəzində sürü halında gəzən itlər sakinlər üçün qorxu və təhlükə mənbəyi olaraq qalacaq.

Sakinlərin dediyinə görə, itlər o qədər çoxalıb ki, 10-15-i birlikdə gəzir. Digər bir it sürüsü ilə rastlaşdıqda bir-birinə cuman, səs-səsə verərək hürüşən itlərin səsindən insanlar, xüsusilə, uşaqlar vahiməyə düşür. Sahibsiz itlər binaların, mağazaların qapısı ağzında yatır, zibil qutularını dağıdır, heç kimə yaxınlaşmasalar belə, xəstəlik yaydıqları üçün təhlükə daşıyırlar.

İcra hakimiyyətinin açıqlamasından belə başa düşmək olur ki, sakinlər kimi onlar da itlərlə bağlı vəziyyətdə çarəsizdirlər.

“Nə edək? Yerləşdirmək üçün sığınacaq yox, heyvanları fiziki cəhətdən məhv etmək də mümkün deyil”, - deyə icra hakimiyyəti heyvanların fiziki cəhətdən məhv edilməsi məsələsinin üzərinə vurğu qoymaqla sakinləri və problemi qabardanları dilemma qarşısında qoyur. 

Elə mənzərə yaranır ki, sanki insanlar heyvanların öldürülməsini tələb edir, icra hakimiyyəti isə humanist yanaşır. 

Əslində, sivil ölkələrdə heç də bütün heyvanları aparıb sığınacaqlara doldurmurlar.  Müayinə edir, lazım gələrsə, reproduktivliyinin qarşısı alınır, peyvəndlənir, fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulur və buraxılır. 
Bu işləri aparmaq üçün heç də illərlə sığınacaq tikilməsini gözləməyə ehtiyac yoxdur. İcra hakimiyyəti ən azından bir otaq ayıra, baytar xidməti təşkil edə bilər. Heç olmazsa, küçədə insanların üstünə cuman, təhlükə yaradan heyvanların tutulub müayinə olunduqdan sonra buraxılması təmin oluna bilər. Bu yolla heyvanlarda quduzluq olub-olmadığını da aşkarlamaq olar. Yəni, problemi həll etmək üçün çıxış yolu axtarılmalıdır. “Sığınacaq yoxdur”, - deyib problemə göz yummaq deyil...

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin