Azərbaycan Ordusunun Laçında şəhid olan hərbçisi Vidadi Zalov dəfn olunub.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvləri dəfn mərasimində iştirak ediblər.
Şəhid Vidadi Zalovun oğlu Nizami atasını göz yaşları ilə son mənzilə yola salıb. Həmçinin, şəhidimizin cənazəsinin bükülüb gətirildiyi Azərbaycan bayrağı onun oğluna təqdim edilib.
Təqdimat zamanı "bu bayrağı atan yollayıb, qəhrəmancasına döyüşüb şəhid olub" sözləri hamını mütəəssir edib.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Allah rəhmət eləsin!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu