“Avropa ABŞ dollarından asılılığını azaltmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Les Echos” nəşrinə müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Makron: “ABŞ-dan asılılığımızı azaltmalıyıq”
O bildirib ki, biz Tayvanla bağlı Pekin və Vaşinqton arasında qarşıdurmaya çəkilməməliyik:
“Avropa ABŞ-ın vassalına çevrilməmək üçün təzyiqlərə müqavimət göstərməlidir. Hazırda Avropanın üzləşdiyi ən böyük təhlükə odur ki, onunla heç bir əlaqəsi olmayan böhranlar bataqlığına düşüb”.
Makronun bu fikirləri bir qədər cəsarətli görünsə də, təəccüblü deyil. Çünki, hər nə qədər onlar əksər məsələlərdə vahid mövqedən çıxış etsələr belə, “ABŞ-la Avropa İttifaqı müttəfiqdir” demək, yanlış olardı.
Bu iki güc arasında hər zaman mübarizə olub. Amma bu mübarizə daha çox “sualtı döyüş” xarakterli olub. ABŞ hər zaman Aİ-nin mövcudluğuna qarşı olub. Və bu İttifaqın güclənməməsi üçün hər bir vasitədən istifadə edib. Böyük Britaniyanın Aİ-dən çıxması da bu baxımdan Vaşinqtonun maraqlarına cavab verirdi.
Eyni zamanda, son bir ildə FED-in uçot dərəcəsini bir neçə dəfə artırması da avroya qarşı təzyiq metodudur. Ağ Ev Aİ-nin xristian ailəsi kimi qəbul edir. Lakin, onu iqtisadi və siyasi İttifaq kimi qəbullanmır.
Çünki, “superdövlət” adına ABŞ heç kimi rəqib görmək istəmir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi Aİ-ni çox çətin iqtisadi və siyasi duruma salıb. Vəziyyətdən çıxış yolu görməyən digər Avropa liderləri kimi Makron da günahkar kimi ABŞ-ı göstərir.
Bu ilk baxışdan reallığı əks etdirsə də, çıxış yolu deyil. Bu, sadəcə hamının bildiyi həqiqəti yeni məzmunda dilə gətirməkdən başqa bir şey deyil. Ən əsası bu Makronun acizlik və çarəsizlik çırpıntısıdır.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirib ki, Fransa prezidentinin “Les Echos” nəşrinə müsahibəsi reallığı özündə ehtiva edir:
“Xüsusən də, Makronun uğursuz siyasəti hesabına Aİ-nin, bütövlükdə isə Qərb iqtisadi dünyasının daxilində təhrikedici və parçalıyıcı mövqedə olmaq həm ABŞ-ı, həm də ki, onun Qərbdəki əsas müttəfiqi Böyük Britaniyanı ciddi şəkildə narahat edir. Fransanın Aİ daxilində başlatdığı kampaniyalardan biri də ondan ibarətdir ki, ABŞ Aİ-ni parçalamağa çalışır.
Əslində klassik anqlosakson iş birliyi nəticəsində Britaniyanın Aİ-ni tərk etməsini Makron bu gün də həzm edə bilmir. Hesab edirəm ki, Makronun Çinə son səfəri və Avrasiyaçılıq məsələsini alternativ düşüncə kimi nəzərdən keçirməsi, Fransa liderinin ABŞ-a qarşı sərt mövqeyinin sübutudur.
Faktiki olaraq Baydenlə Makron arasında münasibətlər kifayət qədər pisdir. Münasibətlərin korlanmasında isə Makronun müstəsna “xidməti” var. Ona görə də, hesab edirəm ki, Makronun Çinə səfəri və Tayvan məsələsində Çinin xeyrinə səsləndirdiyi fikirlər əsla obyektiv ola bilməz”.
Politoloq Fransanın dünyanın müxtəlif coğrafiyalarında etnik zəmində qarşıdurmaları alovlandırdığını da diqqətə çatdırıb:
“Eyni zamanda, dünyada kütləvi qırğılar törədən dövlətlərdən biri də məhz Fransadır. Makron hakimiyyəti dövründə Fransanın radikal qəsbçi siyasəti və ideoloji hücumları daha da genişlənməyə başladı. Hesab edirəm ki, Makronun son açıqlaması Fransanın düşdüyü aciz vəziyyəti göstərir. Bu həm də Fransanın düşdüyü vəziyyətdən çıxış üçün Makron iqtidarının əlində heç bir imkanın olmadığının göstəricisidir”.
Surxay Atakişiyev, Bizim.Media