Almaniyalı alim erməni yalanlarını İFŞA ETDİ 

Hazırda oxunan: Almaniyalı alim erməni yalanlarını İFŞA ETDİ 

129640

İsveçrənin almandilli “Neue Züricher Zeitung” (NZZ) qəzeti bu il aprelin 4-də jurnalist Andreas Rüşün (Andreas Rüesch) “Qafqazda güc oyunu: Ermənistan hərbi hücuma məruz qalacağından qorxur” adlı məqaləsini nəşr edib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, NZZ kimi aparıcı mətbu nəşrdə tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib.  

İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxardığını iddia edir. 

A.Rüş yazısında Qarabağdakı erməni separatçılara haqq qazandırsa da, onların yaşadığı məkanı haqlı olaraq “qondarma erməni dövləti Naqorniy Karabax” kimi göstərməklə balanslı mövqe ortaya qoyur.  

A.Rüşün məqaləsindəki sualdoğurucu tezislərdən biri də budur ki, guya “Azərbaycan əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının ərazisini də işğal etmək niyyətindədir”. Müəllif Azərbaycan dövlətinin ərazisinin beşdəbirinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilməsindən isə bir kəlmə belə söz açmır. 

Dr. Hess vurğulayır ki, NZZ kimi səviyyəli bir qəzet Azərbaycanın ritorik söz güllələri ilə ermənilərin gerçək niyyətlər və əməllər arasında daha dəqiq fərq qoymağı bacarmalıdır.

Ermənistanın cənub ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində, tarixi həqiqət də ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən işğal edilənədək türklərin, daha dəqiq desək, azərbaycanlılarn idarəsində olub. 

A.Rüş Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını misal gətirir:  

“Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi”.  

A.Rüş həyəcanla sual verir ki, “Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail ola bilməsinin qarşısını kim alacaqdır?” Dr. Hess cavabında deyir:  

“Rüş bir dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq, heç kim Azərbaycanın köməyinə çatmamışdır. Məqsəd aydındır ki, A.Rüş tarixi faktları təhrif etməklə, Ermənistanın timsalında “yazıq” obrazı yaratmaq istəyib”. 

Dr. Hess etiraz məktubunun sonunda NZZ-in redaksiyasına bildirir ki, məqalə müəllifinin “türk” sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir. 

Yeri gəlmişkən, Dr. Mixail Raynhard Hess bir müddət əvvəl məlum Sumqayıt hadisələrinin 35-ci ildönümü ilə bağlı da öz feysbuk səhifəsində paylaşım etmiş, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulamışdı. 
Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” (2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022), “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” (2020-2022) kitablarının müəllifidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin