Sabunçu rayonunda mart ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı, Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.
Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb.
Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bizim.Media