İran səfirinin SƏRSƏMLƏMƏSİ – Dostluqdan dəm vuran diplomatın ölkəsinin ƏSL SİMASI

Hazırda oxunan: İran səfirinin SƏRSƏMLƏMƏSİ – Dostluqdan dəm vuran diplomatın ölkəsinin ƏSL SİMASI

129013

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi aprelin 4-də sosial media hesabında silsilə tvitlər paylaşıb. İranlı diplomatın yazdıqları fikir olaraq müsbət görünsə də, reallıqla yaxından-uzaqdan əlaqəsiz olması, qeyd olunanlara qarşı ikrah hissi yaradıb:

“İran İslam Respublikasının Qafqazda strateji və qəti siyasəti bütün aşkar və gizli diplomatik imkanlardan, alətlərdən istifadə edərək hökumətin, eləcə də sistemin “mütərəqqi və ağıllı qonşuluq prinsipi”nə əsaslanır.

İranın bu həssas bölgədəki siyasətini diktə edən amil, dövlət rəsmiləri tərəfindən müəyyən edilən və bəyan olunan milli maraqlar və təhlükəsizlikdir".
 

MÖVZU İLƏ BAĞLI:

İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI


Sözə deyil, deyənə baxın...

Bu ifadə Musəvinin açıqlamalarına baxdıqda, istər-istəməz yadımıza düşür. Bəli, Azərbaycan qonşuları ilə daim sülh və dostluq prinsipləri əsasında münasibətlər qurmağa çalışıb. İran da bu mənada istisna deyil.

Rəsmi Bakı hər zaman Tehranla münasibətlərin qaydada olması üçün əlindən gələni edib. Hətta, 30 ildən çox müddətdə sırf İranla münasibətlərin korlanmaması üçün İsraildə səfirliyimiz belə açılmamışdı.

Ancaq İranın 44 günlük müharibədən sonra seçdiyi ritorika molla rejiminin iç üzünü açıq göstərdi. Hər kəsə aydın şəkildə bəlli oldu ki, Tehran Azərbaycana qarşı düşmənçilikdə maraqlıdır.

İran rəsmilərinin təhdidləri, sərhədlərimizin yaxınlığında keçirilən təlimlər, səfirliyimizə hücum, Fazil Mustafaya qarşı terror, hər fürsətdə ermənilərlə qardaşlığın ifadəsi kimi saymaqla bitməyən məqamlar da Tehranın dost cildinə girməyə çalışan düşmən olduğunu ifşa etdi. Bütün bu sadalananlardan sonra, təbii ki, Musəvinin açıqlamaları gülünc görünür. 
Burada isə “utanmasan oynamağa nə var ki?” sözləri yada düşür. 

Yəni, İranın niyyəti, xisləti bəllidir. Yalandan dostluqdan dəm vurmağın nə mənası var? Bəli, Musəvinin fikirlərində həqiqət payı var. İran Cənubi Qafqazda dostluq siyasəti yeridir. Ancaq Azərbaycanla yox, Ermənistanla. Çünki Qafanda konsulluq açıb, Ermənistan sərhədlərini özünə “qırmızı xətt” seçməklə molla rejimi ermənilərlə qardaşlığını çoxdan sübuta yetirib.

Görünən budur ki, Tehran Azərbaycanla körpüləri yandırmaq yolunu tutub. Yəni, mola rejimi nə Azərbaycanı müstəqil dövlət kimi qəbul edəcək, nə də xalqımıza qarşı düşmən siyasətindən əl çəkəcək.

Hadisələrin bu cür gedişatı fonunda, artıq kartlar açıq oynanılır. İranın davam edən təhdidlərinə Azərbaycan mollaların başa düşdüyü dildə cavab verir. Ancaq Tehranın bunu anlamağını gözləmək də əbəsdir. Hazırki durumda İranın etdiyi rəzilliklərə görə Azərbaycandan üzr istəməsi də real görünmür. 
Belə olan halda, İran-Azərbaycan münasibətlərinin normallaşması üçün bir yol qalır. O da molla rejiminin süqutu və İranda yeni, demokratik hökumətin formalaşmasıdır.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin