Aprel ŞƏHİDİNİN ATASI: “Oğlumdan sonra həyat yoldaşım və anam da çox yaşamadı” – FOTO 

Hazırda oxunan: Aprel ŞƏHİDİNİN ATASI: “Oğlumdan sonra həyat yoldaşım və anam da çox yaşamadı” – FOTO 

128670

Şəhid Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996-cı ildə Qusarın Cağarqışlaq kəndində doğulub. Milliyyətcə ləzgi olan Əmiraslan 2016-cı il aprel ayının 2-də Tərtərin Seyidsulan kəndi ərazisində gedən döyüşlərdə şəhid olub və aprelin 9-da doğulduğu Cağarqışlaq kənd qəbiristanlığında dəfn olunub. 

Şəhid atası Xəlil Xeyirbəyov oğlunun şəhid olmazdan öncə əmisini telefonla zəng edib, təbrik etməsini heç cür unuda bilmir.

"Əmiraslan istiqanlı və vətənpərvər oğlan idi. Hərbi xidmətini böyük həvəslə yerinə yetirirdi. Bizə hərbi xidməti barədə heç nə deməzdi. Son dəfə əmisinə zəng edib, onun ad gününü təbrik etmişdi."

Əmiraslan şəhid olduqdan sonra nənəsi Nasiyyat və analığı Gülnarə xanım övlad itkisinə dözə bilməyib, həyatdan köçüblər:

"Onların hər ikisi xəstəlikdən dünyasını dəyişdi. Anam da, həyat yoldaşım da Əmiraslandan sonra çox yaşamadılar. İkinci oğlum Əmral ilə tək qaldıq".

Aprel şəhidinin atası indi çox nikbindir. Deyir ki, oğlu vətən yolunda şəhid olub və bundan qürur duyur: 

"Əmiraslanın və həmin döyüşlərdə şəhid olan bütün oğullarımızın ruhu şad olsun, hər birini hörmətlə anıram. Əmiraslan tək mənim yox, bütün Azərbaycanın oğlu oldu".

Xəlil Xeyirbəyov indi 2-ci oğlu Əmralını hərbi xidmətə yola salmağa hazırlaşır. 7 il əvvəl aprel ayında bir oğlunu şəhid verən ata 7 il sonra aprel ayında daha bir oğlunu vətənin sərhədlərini qorumağa göndərir. Deyir ki, Əmrala Əmiraslan kimi qəhrəman olmağı, vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyə edib. 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin