Nəriman Nərimanovun heykəlləri yığışdırılsın? – Siyasilərdən MÜNASİBƏT

Hazırda oxunan: Nəriman Nərimanovun heykəlləri yığışdırılsın? – Siyasilərdən MÜNASİBƏT

128663

Naxçıvan şəhərində Nəriman Nərimanovun büstünün götürülməsi böyük müzakirələrə yol açıb. Sosial şəbəkələrdə hər kəs bu məsələ ilə bağlı fikir səsləndirir. 

Doğrudur, Naxçıvan Şəhər İcra Hakimiyyətinin bu gün yaydığı açıqlamada Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunub: 

“Aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qaytarılacaq”

Amma müzakirələr hələ də davam edir. Kimlərsə Nəriman Nərimanovun tarix və xalqımız qarşısında xidmətlərindən danışır, kimlərsə onun Bakıda və digər ərazilərdə də heykəllərinin yığışdırılmasını və hətta onun adına olan rayonun adının dəyişdirilməsini təklif edirlər.

Məsələnin aktuallığını nəzərə alaraq bəzi tanınmış simaların fikirlərini öyrəndik: 

Xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar:
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda Nəriman Nərimanovun heykəli söküldü, yerində isə... - FOTO

 

“Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular. Heydər Əliyevin vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanda "Nərimanovşina" dövrü başlanıb”.

Millət vəkili Razi Nurullayev isə Nəriman Nərimanovun yox, ümumiyyətlə heç bir heykəlin və abidənin götürülməsinə yaxşı baxmadığını deyib:

“Məsələn, zaman-zaman Leninin, Əzizbəyovun və digər bolşeviklərin abidələri söküldü. Mənim fikrimcə bu heykəlləri dağıtmaq yerinə, hardasa bir park yaradıb, həmin heykəlləri orada nümayiş etdirsək, yaxşı olardı. Lap mənfur Şaumyanın da heykəlini orda saxlamaq və onun Azərbaycan xalqına və insanlığa qarşı hansı cinayətlər törətdiyini ayrıca bir lövhədə yerləşdirmək olardı.

Zənnimcə, bu turistlər üçün də maraqlı olardı. O ki qaldı Nərimanov Nərimanova, onu deyə bilərəm ki, Nərimanovu Azərbaycan xalqının düşməni hesab etmirəm. O əsl Azərbaycan ziyalısı, yazıçısı və həkimidir. Eyni zamanda, o ictimai xadimdir. O zamanında əlindən gələni edib. Zamanında ondan daha çoxunu gözləmək doğru olmazdı. Təbii ki, müəyyən səhvləri də olub. Amma bütün hallarda Nəriman Nərimanov böyük şəxsiyyətdir. Və mən onun heykəlinin götürülməsinin qəti əleyhdarıyam”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə bunları bildirib:

“Naxçıvanın da taleyi ilə bağlı məsələdə Nərimanovun müstəsna rolu olub. Nərimanovun yaradıcılığını orta məktəb illərində tam oxumuşam. Azərbaycanın yaxın 150 illik tarixində birinci onluqda olacaq şəxslərimizdəndir. 

Mən AXC hakimiyyətdə olarkən, Yasamal Rayon İcra Hakimiyyətinə başçılıq etmişəm. O zaman dekommunizasiya işləri çərçivəsində rayon, şəhər və rayon icra başçılarına bir məktub daxil olmuşdu. Məktubu kim imzalamışdı onun adını yazmıram. Sadəcə məktubda bütün kommunist rəhbərlərin abidələrinin sökülməsi tapşırığı var idi, o cümlədən Nərimanovun. Mən, məmuniyyətlə, Əzizbəyovun heykəlini də demontaj elətdirərdim. Amma Nərimanova görə dəyə bilmədim”. 
 

MÖVZU İLƏ BAĞLI:

Nəriman Nərimanovun abidəsi Naxçıvanda yenidən bərpa olunacaq - RƏSMİ


Millət vəkili Elman Nəsirov Nəriman Nərimanova müxtəlif münasibətlərin və yanaşmaların olmasını normal sayır:

“Onun bolşevik olması, bolşeviklərə xidmət etməsinə bu günkü prizmadan baxanda fərqli mənzərə yarana bilər. Amma unutmayaq ki, bizim mühakimələrimizdən 100 il qabaq Nərimanov özü səhvlərini etiraf edib. Oğlu Nəcəfə yazdığı məşhur məktubu bunun sübutudur. O bolşeviklərə qoşulmasının yanlış olduğunu açıq etiraf edib. Bütün hallarda Nərimanov xalqımızın böyük oğludur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev Nəriman Nərimanovun şəxsiyyətinə hər zaman böyük ehtiramla yanaşıb. Və onun həyat və fəaliyyətinin bir bucaq altında qiymətləndirilməsinin əleyhinə olub. Mən də Nəriman Nərimanovun abidəsinin götürülməsinin əleyhinəyəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin