Yazın gəlməsinə baxmayaraq, martın 30-u gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi xəbərə görə, artıq iki gündür şaxtalı, qeyri-sabit hava şəraiti davam edir.
Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir.
Rayonun kommunal təsərrüfatı güclü iş rejimi şəraitində çalışır. Rayon icra hakimiyyətindən verilən məlumata görə qazın, işığın və içməli suyun verilişində hələlik problem yoxdur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu