Mərkəzi Bankdan növbəti FAİZ ARTIMI – Manat ucuzlaşacaq?

Hazırda oxunan: Mərkəzi Bankdan növbəti FAİZ ARTIMI – Manat ucuzlaşacaq?

127848

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gün uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırıb.

Vətəndaşları maraqlandıran əsas sual isə, bu qərarın manatın məzənnəsinə necə təsir edəcəyi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı fikirlərini bölüşüb.

“Son dönəmlər FED və Mərkəzi Bankın monetar siyasətində bir sinxronluq müşahidə edilir ki, bu da başa düşüləndir. Çünki qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələxsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb”, - deyə ekspert bildirib.

Eldəniz Əmirovun sözlərinə görə, uçot dərəcəsinin yenidən qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır:

“Tərs anlamda desək uçot dərəcəsi artırılırsa, deməli inflyasiya səngimir ki, bu addım atılır. Digər bir maraqlı məqam, Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq.

İlk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər. Yəni, əgər infilyasiya 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır? Axı uçot dərəcəsini qaldırılması həm də iqtisadi aktivliyi boğur.
Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. 
Və bu yuxarıda qeyd etdiyim kimi həm xarici, həm də daxili faktorlardan dolayı vacibdir. May ayının 3-də bu məsələ ilə bağlı növbəti qərar veriləcək. 8%-lik proqnozu təkrar yadımıza salsaq, deyə bilərik ki, mayda uçot dərəcəsində yenə də artım olma ehtimalı çoxdur.” 

İqtisadçı manatın devalvasiyası ehtimallarını da dəyərləndirib:

“Hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli, hələlik manatın məzənnəsilə bağlı hər hansı bir qorxu yoxdur. Cilovun nə qədər vaxt saxlanıla biləcəyi isə bir çox faktordan asılıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin