Deputatdan Qarabağ ermənilərinə ÇAĞIRIŞ

Hazırda oxunan: Deputatdan Qarabağ ermənilərinə ÇAĞIRIŞ

127448

“Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyası ikinci dəfə Qarabağdakı erməni icmasına Bakı şəhərində görüş keçirilməsini təklif edib. İlk görüş martın 1-də Xocalıda, ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının qərargahında baş tutmuşdu. Həmin görüşdə sülhməramlıların rəhbərliyi də iştirak edib. Bu dəfə isə PA öz vətəndaşlarımızla Bakıda, vasitəçi olmadan Xankəndi və ətraf bölgələrə gələcək investisiyalarla, oradakı sosial-iqtisadi durumla bağlı müzakirələrin aparılmasını təklif edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın erməni icması yenidən Bakıya dəvət olundu - RƏSMİ


Prezident Administrasiyasının Qarabağdakı erməni icması ilə növbəti görüş təklifini şərh edən deputat bildirib ki, ilk görüşdə iştirak edən həmkarı Ramin Məmmədov artıq bu təmaslar üzrə nümayəndə təyin olunub:

“Bu rəsmi Bakının öz vətəndaşları ilə üzbəüz, real vəziyyətdə müzakirə apararaq, qarşıda duran bir sıra problemlərin həlli ilə bağlı konkret addımların atılmasını təklif edir. Bununla, həm Ermənistana, həm də onun arxasında duran qüvvələrə bir növ mesaj ünvanlayır ki, sözügedən məsələlər Azərbaycanın daxili işidir. Bizim suveren ərazimiz olan Qarabağ iqtisadi rayonunda digər bölgələrimizdə olduğu kimi milli azlıqlardan olan vətəndaşlarımız var. Onlarla bu və ya digər formada hər hansı müzakirənin aparılması Azərbaycanın daxili işidir”.

Millət vəkili qeyd edib ki, son zamanlar həm Ermənistan, həm də Qarabağdakı separatçı qurumun “rəhbərliyi” tərəfindən bu cür təmaslara qısqanc yanaşmanın şahidi oluruq:

“Ümumiyyətlə, Ermənistan son zamanlar öz ağalarına arxayın olaraq, sülh gündəliyini pozduğunu, siyasi manipulyasiya ilə məşğul olduğunu görürük. Onlar Azərbaycanı provokasiyaya çəkir, hər gün şərti sərhəddə mövqelərimiz atəşə tuturlar. Eyni zamanda ərazimizdəki tör-töküntülər kənd təsərrüfatı adı altında səngər qazmağa cəhd göstərir, Laçın yolundan kənar torpaq yolların genişləndirilməsi, gecə saatlarında, dumanlı vaxtlarda sülhməramlıların dəstəyilə bölgəyə hərbi sursatların keçirilməsinə çalışırlar.

Əlbəttə, bunlar hamısı rəsmi Bakı tərəfindən müşahidə edilir. Artıq Azərbaycan tərəfi bir neçə rəsmi xəbərdarlıqdan sonra konkret mövqe nümayiş etdirərək, zəruri tədbirləri gördü. Bununla da, erməni təxribatlarının qarşısı qətiyyətlə alındı.

Bu Ermənistana dərs olmalıdır. Çünki Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirlikləri hər gün Ermənistanın və separatçılarla bağlı bəyanatlar verərək, onları qanunsuz əməllərdən çəkinməyə çağırır. Əks halda, Azərbaycan zəruri addımları atacaq. Bu, yeni ildırımsürətli əməliyyatlar şəkilində ola bilər. Bununla da məsələ eskalasiyaya apara bilər.

Azərbaycan bunu istəmir, müxtəlif formalardakı danışıqlara sadiqliyini nümayiş etdirir. Lakin Ermənistan bu təxribatlarına qətiyyətlə cavab veriləcəyini, düşmənin başının əziləcəyini də qətiyyətlə bildirir. Ermənistan bunu unutmamalıdır”.

Vüqar İskəndərovun sözlərinə görə, Prezident Administrasiyasının yeni görüş təklifi humanist addımdır:

“Aərbaycan yenidən öz ərazisində yaşayan erməni mənşəli vətəndaşları ilə bütün vacib məsələlərin müzakirə edilməsini və hal-hazırda həmin bölgələrdə təxirəsalınmaz tədbirlərin görülməsini təklif edir. 

Düşünürəm ki, Xankəndində kifayət qədər insan Bakı ilə birbaşa təmasın tərəfdarıdır. Onlar bu görüşün keçirilməsində maraqlıdırlar. Əsasən də, gənc nəsil anlayır ki, Azərbaycan bayrağı və konstitusiyası altında daha layiqli yaşaya bilərlər. Onlar Azərbaycanın öz vətəndaşlarına ən yüksək yaşam şəraiti yaradacağını anlayırlar. Cənab Prezident də bunu dəfələrlə qeyd edib.

Mən də Xankəndi və ətraf ərazilərdə yaşayan vətəndaşlarımızı, rasional düşüncəli insanları görüşdə iştirak etməyə, öz gələcəklərini terrorçuların, daşnakların, radikal fikirli şəxslərin idarəçiliyi altında deyil, Azərbaycan konstitusiyası altında layiqli yaşamağa çağırıram”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin