Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi KEÇİRİLİB - FOTO 

126744

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar. 

Çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə danışıb. Bildiriblər ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1949-cu ildə atası Surxay, ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunub.
Orta təhsilini Xoruzlu kənd orta məktəbində alaraq, daha sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1975-ci ildə hərbi xidmətə çağrılıb, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirib. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb. 

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub.

Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. 
2015-ci il  28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib: 

“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi...” 

Həsənqaya, Köyarx, Suqovuşan, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç edib.

1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır yaralanmış, müalicə olunduqdan sonra yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıdıb. 

Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. 

1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin