Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı YOLA DÜŞDÜ

Hazırda oxunan: Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı YOLA DÜŞDÜ

126197

Bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb. 

Bizim.Media xəbər verir ki, qatar mənzil başına saat 11:20-də çatacaq. 

Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir.

Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Hərəkət cədvəlinə gəlincə qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq. 

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN-dir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, Qəbələ Dəmiryol Vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin