Paşinyanın saxta anti-Rusiya OYUNLARI - “The Economist” nəşri Ermənistanı İFŞA ETDİ

Hazırda oxunan: Paşinyanın saxta anti-Rusiya OYUNLARI - “The Economist” nəşri Ermənistanı İFŞA ETDİ

125851

Dünyaca nüfuzlu “The Economist” nəşri hərbi, iqtisadi müstəvidə Rusiyadan asılılığı olan ölkələrin siyahısını tərtib edib. Hazırlanan “Rusiyanın dostları” adlı araşdırmada rast gəldiyimiz adlar isə diqqət çəkib. Təxmin edildiyi kimi, ilk pilləni Belarus tutub. Ermənistan isə siyahıda ikinci pillədə qərarlaşıb.

Qərbyönümlü hesab olunan Nikol Paşinyan iqtidarı dönəmində Ermənistanın Rusiyaya bu qədər yaxın ölkə kimi dəyərləndirilməsi isə diqqət çəkməyə bilməz.

Xüsusilə də, Ermənistandan gələn “Rusiyadan uzaqlaşma” çağırışları fonunda...

Məlum olduğu kimi, Nikol Paşinyan 2018-ci ildə Serj Sarkisyan hakimiyyətini istefaya məcbur edərək Ermənistana rəhbərlik etməyə başladı. Elə həmin vaxtdan etibarən, Paşinyanın Qərbin küləyi ilə İrəvan taxtına sürükləndiyi bildirilirdi.

Təbii ki, sonrakı proseslər bu reallığı ortaya qoydu. Çünki Nikol Qərbdən güclü dəstək almaqla, Ermənistanda 20 il iqtidarda olmuş “Qarabağ klanı”nın təzyiqlərinə rəğmən hakimiyyətini qorumağı bacardı.
Son aylarda isə Ermənistanda Rusiyadan uzaqlaşma meyilləri aydın hiss olunmağa başlayıb. Kütləvi etirazlarda Rusiyanın pislənməsi, rəsmilərin açıqlamalarından KTMT-dən çıxmaq arzusunun dilə gətirilməsi də bunun göstəricisidir.

Bu, aysberqin görünən tərəfi.

Ancaq dünyaca nüfuzlu “The Economist” yenə də Ermənistanı Rusiyanın dostu kimi təqdim edirsə, deməli bunun da bəlli səbəbləri var. Xüsusən də, iqtisadi əməkdaşlıq kontekstindən məsələyə yanaşsaq, bu yaxınlığın nə dərəcədə güclü olduğunu daha aydın görə bilərik. 

Məsələn, Ermənistanın enerji təminatında Rusiyanın roluna nəzər salaq. Bu ölkənin təbii qaz ehtiyacının 70 faizə yaxını məhz Rusiya tərəfindən qarşılanır. Özü də Rusiya qazı Ermənistana simvolik qiymətlə, min kubmetri 165 dollara satılır. Bu rəqəm dünya bazarlarında qazın qiyməti 2000 dolları aşdığı vaxtlarda belə dəyişməyib.
Digər tərəfdən, Ukraynada müharibənin başlamasından sonra Rusiya-Ermənistan iqtisadi əlaqələri də ciddi inkişaf edib. Belə ki, Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ilin birinci yarısında ölkəyə 372 086 Rusiya vətəndaşı gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

Bundan əlavə, 2022-ci iilin ilk on ayda Ermənistana xaricdən 2,8 milyard dollar pul köçürülüb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Həmin məbləğin böyük qismi də məhz Rusiyadan transfert edilib.

İqtisadi yaxınlıqla yanaşı, hərbi tərəfdaşlığı da unutmaq olmaz.

Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası, eyni zamanda, Ermənistan sərhədlərinin Rusiya FSB-si tərəfindən qorunması, bu ölkənin silah arsenalının əsasını Rusiya istehsalı məhsulların təşkil etdiyini xatırlatmaq yetərlidir.
Göründüyü kimi, Ermənistan hər nə qədər siyasi müstəvidə Rusiyaya qarşı oynasa da, rəqəmlər əksini göstərir. Yəni, Paşinyan iqtidarı faktiki olaraq ikili oynamaqdadır. Bəlkə də, bu səbəbdən Qərb mətbuatının öncüllərindən olan “The Economist” Ermənistanın əsl mahiyyətini üzə çıxarmaq ehtiyacı görüb.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin