Azərbaycan və Gürcüstanın elm və təhsil nazirləri Qaxda açılışda olublar

Hazırda oxunan: Azərbaycan və Gürcüstanın elm və təhsil nazirləri Qaxda açılışda olublar

125658

Ölkəmizdə səfərdə olan Gürcüstanın elm və təhsil naziri Mixail Çxenkeli elm və təhsil naziri Emin Əmrullayevlə birgə Qax şəhəri N. Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə STEAM Mərkəzinin açılışını ediblər. 

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, açılış mərasiminə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. 

Qonaqlar məktəb-liseydə yaradılmış şəraitlə tanış olublar. Emin Əmrullayev və Mixail Çxenkeli təhsil müəssisəsində Azərbaycan və gürcü bölmələrində tədris prosesi ilə maraqlanıb, müəllim və şagirdlərlə söhbət aparıblar. Bildirilib ki, məktəb-liseydə 53 sinif (32 Azərbaycan, 11 rus və 10 gürcü) yaradılıb. Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları ilə birgə ümumilikdə 946 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur.

Qonaqlar məktəb-liseydə fəaliyyətə başlayan STEAM Mərkəzi ilə də tanış olublar. Qeyd edilib ki, sözügedən təhsil müəssisəsində artıq 3 ildir ki, STEAM tədris olunur. STEAM üzrə 7 kabinet mövcuddur.

İnnovativ texnologiyalarla tam təmin olunan Mərkəzin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulduğu və mərkəzdə “Robot dron”, elm, aşağı sinif şagirdləri üçün  “Loqo system” zonaları, CNC və 3D çap mexatronika, dron istiqamətləri üzrə sahələrin mövcudluğu iştirakçıların diqqətinə çatdırılıb.

Sonra elm və təhsil naziri Emin Əmrullayev gürcü həmkarı ilə birgə gürcülərin yaşadığı Əlibəyli kəndinə yollanıblar. Emin Əmrullayev və Mixail Çxenkeli Əlibəyli kəndində gürcüdilli tam orta məktəbi ziyarət edib, məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, sözügedən təhsil müəssisəsi ölkə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yenidən inşa olunub və 2019-cu ildə istifadəyə verilib.

Müasir standartlara uyğun inşa edilən 216 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabinələri, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə 158 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 30 müəllim məşğul olur.
Daha sonra şagirdlərin ifasında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş etdirilib, musiqi nömrələri səsləndirilib.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin