“Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Azərbaycanın enerji potensialı ilə bağlı ÖNƏMLİ AÇIQLAMA
Ölkə başçısı qeyd edib ki, suyun paylanması ilə bağlı görülməli çox iş olacaq:
“Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb”.
Prezident bildirib ki,hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir.
“Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media