Novruz bayramı ərəfəsində hər il Şabranda təşkil olunan at yarışı ənənəsi artıq bir neçə ildir ki, unudulub. Rayonun Rəhimli kəndi ərazisində yerləşən düzənlikdə təşkil olunan yarış 2019-cu ildən sonra keçirilmir. Həmin vaxtı yarışların təxirə salınmasında əsas səbəb pandemiya idi. Lakin pandemiyanın gətirdiyi qadağalar aradan qaldırılsa da at yarışı ənənəsi bərpa olunmayıb.
Bu günkü ilaxır çərşənbədə də insanlar xoş xəbərin sorağında olublar. Təəssüflər ki, bu ildə insanların gözləntiləri özünü doğrultmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya müsahibə verən Şabran sakinləri bildirirlər ki, at yarışlarının təşəbbüskarı o vaxtki icra başçısı Novruz Novruzov olub. Novruzov işdən çıxarıldıqdan sonra Novruzqabağı at yarışları ənənəsinə də son qoyuldu. Bunu müxtəlif illərdə at yarışlarının qalibləri olmuş şabranlı atsevərlər deyirlər.
Rəhimli kəndində yaşayan Vahid Həşimov bildirir ki, rayonun hazırkı rəhbərliyi bu ənənəni bərpa etsə, hamı çox sevinər:
“Mən 2014-cü il də keçirilən yarışda Samuray adlı atımla 1-ci yeri tutmuşdum. Samuray atım indi də yaşayır. Bu at Qarabağ cinsindəndir. Rəhmətlik babam bu atın anasını Qarabağdan gətirtmişdi. Xahişimiz odur ki, belə yarışlar yenə də keçirilsin".
Şabranın Ağalıq kənd sakini Mirxəlil Ağayev isə 2017-ci ildə keçirilən cıdır yarışının birincisi olub:
"Yenidən belə yarışlar keçirilsə, çox şad olaram. Belə yarışlar bizi həm həvəsləndirər, həm də rayonda atçılıq ənənəsinin inkişafını sürətləndirər. Əvvəlki atımı qəzada itirdim, indiki atımın da adı Şimşəkdir. Qarabağ cinsidir".
Şabranda at yarışlarının ənənəsinin bərpa edilib edilməyəcəyi ilə bağlı icra başçısı Asif Hüseynovla əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.
Şabran İH başçısının 1-ci müavini Hüseyn İlyasov isə məsələ barədə dəqiqləşdirib açıqlama verəcəyini bildirdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 14.03.2023
Şabranın icra başçısı rayonda ATLARA niyə qadağa qoyub? - ARAŞDIRMA
Hazırda oxunan: Şabranın icra başçısı rayonda ATLARA niyə qadağa qoyub? - ARAŞDIRMA
Hazırda oxunan: Şabranın icra başçısı rayonda ATLARA niyə qadağa qoyub? - ARAŞDIRMA
125456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.