Xəbər verdiyimiz kimi, martın 13-də Azərbaycan Respublikası Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Müzakirələrin yaxın günlərdə Bakıda baş tutması nəzərdə tutulurdu.
Lakin separatçı rejim Bakıdakı görüşdən imtina etdi. Yayılan məlumatda isə Azərbaycana reinteqrasiyanın “qəbuledilməz” olduğu vurğulanıb.
Bəs, ermənilərin Bakı görüşündən imtinası reinteqrasiya prosesinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Qarabağdakı qondarma rejimi separatçı kimi təqdim etmək doğru deyil:
“Onlar Ermənistanın oyuncaq qurumunun təmsilçisi kimi fəaliyyət aparırlar. Deməli, bunu separatizm yox, irredentizm kimi qəbul etməliyik. Artıq hamıya bəllidir ki, sülhməramlıların müvəqqəti nəzarət zonasında yaşayan erməni əhalisinin böyük bir hissəsi Azərbaycanın tərkibində yaşamaq istəyir. Ancaq Ermənistandan bölgəyə göndərilən ünsürlər öz imtiyazlarını itirmək istəmir, qondarma qurumda öz nüfuzlarını saxlamağa çalışırlar.
Təbii ki, onlarla görüşlər lazım deyil. Qondarma rejimin məqsədi bu və ya digər formada xarici oyunçuların sifarişini həyata keçirərək, Azərbaycana qarşı onların istədikləri kimi mübarizə aparsınlar. Yəni, münaqişəni davam etdirsinlər.
Onların görüşdən imtinasından başqa cavab gözləmək də mümkün deyildi. Azərbaycan göstərdi ki, normal dialoqa hazırdır və məqsədi regionda vətəndaşları üçün sülh və əmin-amanlığın təmin olunmasıdır”.
Tofiq Zülfüqarovun fikrincə, Azərbaycan ümumiyyətlə qondarma rejimə dialoq təklif etmir:
“Onlar istəyirlər ki, özlərini hansısa qanuni qurumun təmsilçisi kimi qələmə versinlər. Onlara Azərbaycanla təmaslar məhz buna görə lazım idi.
Rəsmi Bakı isə praktiki məsələləri həll etmək üçün kommunikasiyalar təklif edir. Onlar təbliğat aparırlar ki, guya blokada vəziyyətindədirlər. Əslində isə blokadanı özləri yaradır, yerli ermənilər üçün silah, vasitə kimi istifadə edirlər.
Azərbaycan belə təşəbbüslərlə onların bu “silah”larını əlindən alır və dünyaya sübut edir ki, heç bir blokada yoxdur. Sadəcə olaraq bölgədəki ünsürlər Ermənistanın köhnə siyasətini yeni qaydada davam etdirmək niyyətindədirlər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:15 / 14.03.2023
Qarabağ erməniləri Bakı görüşündən niyə imtina etdilər? – Tofiq Zülfüqarovun ŞƏRHİ
Hazırda oxunan: Qarabağ erməniləri Bakı görüşündən niyə imtina etdilər? – Tofiq Zülfüqarovun ŞƏRHİ
Hazırda oxunan: Qarabağ erməniləri Bakı görüşündən niyə imtina etdilər? – Tofiq Zülfüqarovun ŞƏRHİ
125432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.