Türkiyənin Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) üzvü, Ağrı millət vəkili Dirayet Dilan Taşdemir haqqında araşdırmaya start verib.
Bizim.Media xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən “A Haber” televizyasında D.Taşdəmirin PKK üzvü olduğunu, bir müddət əvvəl PKK-nın İraqın şimalındakı Qara bölgəsində yerləşən bazasında olduğunu açıqladıqdan sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib.
MÖVZU İLƏ BAĞLI:
"PKK indiyədək 6 021 mülki vətəndaşımızı öldürüb" - Süleyman Soylu
Prokurorluqdan bildirilib ki, S.Soylunun millət vəkili haqqındakı bu açıqlaması şikayət olaraq qəbul edilib və Dirayet Dilan Taşdemir silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.
İttiham sübuta yetirilərsə, millət vəkilinin toxunulmazlığı ləğv ediləcək və o, həbs olunacaq.
Qeyd edək ki, fevralın 10-da Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qara bölgəsində PKK/YPG terror təşkilatına qarşı “Pəncə Qartal-2” hərəkatına başlayıb, 53 terrorçu zərərsizləşdirilib.
4 günlük əməliyyatda PKK-nın girov götürdüyü 12-si Türkiyə, 1-i İraq vətəndaşı olan 13 nəfərin xilas edilməsi mümkün olmayıb. Əməliyyat başlayan zaman terrorçular onları güllələyərək qətlə yetirib.
S.Soylu “Pəncə Qartal-2” əməliyyatı ərəfəsində D. Taşdemirin Qaraya getdiyini və bir neçə gün orada qaldığını da bildirib.
S.Soylu qeyd edib ki, terrorçuların məskunlaşdığı Qəndil, Sincar, Suriya dəhlizlərinə keçid əhəmiyyətini daşıyan Qara bölgəsində terrorçu hazırlayan “Apollo Akademiyası” da yerləşir.
Onu da bildirək ki, fevralın 14-də Ankara Baş Prokurorluğu HDP millət vəkilləri Hüda Kaya ve Ömer Faruk Gergerlioğlu haqqında da PKK terror təşkilatına sosial media vasitəsilə dəstək vermələrilə bağlı araşdırmaya başlayıb.
Bizim.Media