Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
Bizim.Media xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib.
Bu, Si Cinpinin 3-cü müddətə Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Tse Dundan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.
14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə ÇXR Sədrinin müavini seçilib.
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin iştirak etdiyi Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.
Bizim.Media