Azərbaycan ÖLÜM HÖKMÜNÜ tam ləğv etdi – Bu cəza Avropa ölkələrinin hansında hələ də QALIR?

Hazırda oxunan: Azərbaycan ÖLÜM HÖKMÜNÜ tam ləğv etdi – Bu cəza Avropa ölkələrinin hansında hələ də QALIR?

124612

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral tarixli Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb. 

Qeyd edək ki, Azərbaycanda 1993-cü ildən etibarən ölüm cəzasının icrasına moratorium qoyulub. 1998-ci ildən isə ölüm cəzasının tətbiqi ləğv edilib. 

Bizim.Media-ya açıqlamasında Milli məclisin deputatı Asim Mollazadə sözügedən Protokolun imzalanmasını mühüm addım kimi dəyərləndirdi:

“Ölüm cəzasının bütün hallarda ləğvi ilə bağlı 13 saylı Protokolun imzalanması mühüm addımdır. Azərbaycan zamanında ölüm hökmünü ləğv edəndə Protokolu imzalamamışdı. Çünki həmin dövrdə Azərbaycan müharibə şəraitində idi. Ermənistanın təcavüzü nəticəsində o zaman 20 faiz ərazimiz işğal altında idi.

Bu gün isə həmin problem artıq aradan qaldırılıb. Azərbaycan 44 günlük müharibədə qalib gələrək torpaqları azad edib. Qələbədən sonra nəhayət ölkəmiz də Avropanın çox mühüm olan bu sənədinə qoşuldu”.

Qeyd edək ki, Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatdır. Avropanın 46 dövləti bu qurumun üzvüdür. AŞ-ın əsas prinsiplərindən biri üzv ölkələrdə ölüm hökmlərinin ləğvi məsələsidir. Təşkilata üzv olan ölkələrin mütləq əksəriyyətində ölüm hökmü çoxdan ləğv olunub. Bununla belə tək-tək ölkələr var ki, orada ölüm hökmü saxlanılır. Bu sırada Belarus “öndədir”. 

Avropa İttifaqının hesabatına əsasən, 2016-ci ildə Belarusda 4 ölüm hökmü həyata keçirilib. Hüquq müdafiəçilərinin məlumatına görə, 2017-ci ildə bu rəqəm 2 olub. Hazırkı vaxtda 6 nəfər Belarus türməsində bu cəzanın veriləcəyi günü gözləyir. 

Rusiyaya gəldikdə artıq bir ildir ki, bu ölkə Ukraynadakı müharibəyə görə AŞ-dan çıxarılıb. Buna baxmayaraq hələ quruma üzv olduğu dövrdə Rusiya ölüm hökmünü tam olaraq ləğv etməmişdi. Belə ki, Rusiyada ölüm hökmünə sadəcə olaraq, moratorium qoyulub.
Lakin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev keçən ilin sonlarında ölüm hökmünə qoyulan moratoriumun da ləğv ediləcəyinə işarə vurub. Onun fikrincə, bu, Rusiya xalqının, dövlətinin və cəmiyyətinin maraqlarını qorumaq üçün vasitə seçmək məsələsidir.

Ermənistanda da son zamanlar ölüm hökmünün bəzi hallarda bərpa edilməsi məsələsi gündəmə gətirilir. Ermənistanın baş prokuroru Artur Davtyan keçən il dövlətə xəyanətə görə ölüm hökmünün verilməsini təklif edib. 

“Dövlətə xəyanətə dair elə dəhşətli faktlar fiksə edilir ki, sosial ədalət və təhlükəsizlik üçün ölüm hökmü də daxil olmaqla, ən sərt cəzalar tətbiq olunmalıdır”, - deyə Davtyan bildirib.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin