“Yoxsulluq artıb, dərman təminatı ilə bağlı şikayətlər var” – Zahid Orucdan TƏKLİFLƏR

Hazırda oxunan: “Yoxsulluq artıb, dərman təminatı ilə bağlı şikayətlər var” – Zahid Orucdan TƏKLİFLƏR

124215

“Martın 1-də postkonflikt barış dövrünün tarixi  hadisəsi baş verdi. Konstitusiyaya uyğun olaraq Xocalıda təşkil olunan görüş Xankəndidə  yaşayan ermənilərlə birgəyaşayışa dair Sərsəngdən sonra ilk addım sayıla bilər. Belə vəziyyət, Ombudsman institutun fəaliyyətinin coğrafiyasını genişləndirməklə yanaşı, reinteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdə aktivliyini tələb edəcəkdir. Son lokal toqquşma separatçı qalıqları mülki insanlardan ayırmaq hadisəsidir və ümidvarıq ki, danışıqlar davam etdiriləcək”

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

Komitə sədri bir sıra problemli məqamlarla bağlı da təkliflərini səsləndirib:

“1. Xankəndidə özünü Ombudsman adlandıran şəxsin təqdim etdiyi 2022-ci il üzrə  hesabat 300 səhifəyə yaxındır. Hesabatın 12-ci bölməsi erməni xalqının hüquqlarının pozulması, Müdafiəçinin bəyanatları və fövqəladə hesabatlar adlanır. Orada dağıdılan abidə və yaşayış məskənlərindən bəhs olunur. Lakin 30 illik işğalın mirasından bir cümlə də yoxdur. Qanunlara hörmətlə yanaşan ermənilərin hüquqlarının təminatı ilə bağlı mesajların verilməsi, gələcəkdə o bölgədə regional ofisin yaradılacağı bəyanatı Xankəndində Ombusdman adı ilə siyasətə alət edilən şəxsin hesabatlarına da son qoyardı.

2. Sağlamlığın qorunması və tibbi xidmətlərin həyata keçirilməsi son iki ildə ön yerə çıxıb. Ötən il sərhədlərin açılmaması vətəndaşlarımızı narahat edir. Pandemiyanın ağır iqtisadi-sosial nəticələri təbəqələşməni, yoxsulluğun səviyyəsini artırıb, əhalinin orta təbəqəsinin gəlirlərini xeyli aşağı salıb.
3. Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyətinin normativ bazası gücləndirilməlidir. 12 dekabrdan başlayan Xankəndi-Laçın yolundakı davamlı aksiyalar 3-cü sektorun əhəmiyyətini göstərdi.

Azərbaycana qarşı xarici hücumların əsas silahına çevrilən, insan hüquqları üzrə beynəlxalq qurumlarla on illərdir davam edən düşmənçilik münasibətlərinə son qoyulmasına ehtiyac var. 

4. Vətəndaşların dövlət və qanun tərəfindən qorunduğunu hiss etmələrinin müxtəlif göstəriciləri var. Son illər öz hüquqlarını qoruyan insanların  fəallığı artıb. Soğrular göstərir ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. İctimai-siyasi hüquqlar ondan sonra gəlir, halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır. 

5. Təəssüflər olsun ki, mənzil-kommunal sisteminin problemləri aradan qalxmayıb, hətta daha da artıb. Mənzil fondunun yenilənməsi, tikinti şirkətlərinin  vətəndaşların kütləvi mənzil hüquqlarının pozmalarına dair şikayətlər artıb. “Kvadratmetrlər uğrunda mübarizə, mənzil-kommunal xidmətləri tariflərinin şişirdilməsi, qəzalı və uçuq-sökük evlərdən köçürülmə ilə bağlı mübahisələr Ombudsmanı illik fəaliyyətini planlaşdırarakən əsas ağırlıqlı sahələr ola bilər.
6. Dərman və dərman vasitələri ilə təminatla bağlı şikayətlərin sayı artıb. Psixiatriya sahəsində vətəndaşlara yardım ehtiyacı güclənib. Xərçəng xəstəliyinin statistik artımı vətəndaşların bahalı dərmanlara və yüksək texnologiyaya əlçatanlığını dərinləşdirir, yetərli çarpayı sayı və peşəkar həkim problemi, sağlamlıq hüququ ölkəmiz üçün əsas yerlərdən birini tutur. İcbari tibbi sığortanı əldə edən insanların sayı haqqında obyektiv hesabatlara ehtiyac var. 

7. İnsanlar əmək hüquqlarının pozulmasından şikayətlənir, vaxtından artıq və əvəzi ödənilməyən işlərə cəlb olunmalarından haqlı olaraq, gileylənirlər. Məruzədə bu haqda hissənin müvafiq nazirliklərlə birgə müzakirəsi gərəkdir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin