“Qəbristanlıqlarda monitorinq aparmışam, əksəriyyət yaşlanmadan ölür” – Razi Nurullayev

Hazırda oxunan: “Qəbristanlıqlarda monitorinq aparmışam, əksəriyyət yaşlanmadan ölür” – Razi Nurullayev

124214

“Qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olsun. Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik?”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir”, - deyə deputat əlavə edib.

Razi Nurullayev gənclər arasında qəfil ölümlərin artmasından da söz açıb:

“Ayda onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq. 
Bu səbəbdən, Ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin