Füzulidə İşçi Qrupun iclası keçirildi - FOTO 

Hazırda oxunan: Füzulidə İşçi Qrupun iclası keçirildi - FOTO 

124144

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupunun növbəti iclası Füzuli rayonunda keçirilib. 

Bizim.Media “Azərtac”a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında baş tutan iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və perspektivlərlə bağlı aidiyyəti qurumların hesabatları dinlənilib. 

İclası giriş sözü ilə açan İşçi Qrupun rəhbəri, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC-lər üzrə nəqliyyat və rabitə sahəsinə aid ümumilikdə 66 tədbir müəyyən olunub. Bu qurum həmin tədbirlərin 46-da əsas, 20-sində isə digər icraçı kimi iştirak edir. 

Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb ki, bunlardan artıq bir neçəsinin - “Zəfər Yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının tikintisi uğurla icra olunub. Eyni zamanda, bildirib ki, Laçın Hava Limanının plan-sxemləri hazırlanıb. Hazırda uçuş-enmə zolağının, sükan yolunun, perronun, terminal və köməkçi binaların tikintisi məqsədilə yararsız torpağın qazılması işləri aparılır. 

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. 
Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Əhmədbəyli-Füzuli-Şuşa 4-6 zolaqlı avtomobil yoluna, yol boyu inşa edilən bəzi viaduklara, cari ildə tikintisi başa çatacaq Füzuli-Hadrut avtomobil yoluna, Horadiz-Ağbənd dəmiryolu xəttinin Soltanlı stansiyası ərazisinə, mobil rabitə operatorların bəzi radiobaza stansiyalarına baxış keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin